Ümumdünya Kosmos Həftəsi çərçivəsində təlimlərə start verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ümumdünya Kosmos Həftəsi 2025 çərçivəsində “STEAM təhsilində
müasir çağırışlar və gələcək imkanlar” adlı təlim proqramının
açılış mərasimi baş tutub.

Trend xəbər
verir ki, tədbir Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK
Akademiyanın təşkilatçılığı və “Space Camp Türkiye” ilə əməkdaşlıq
çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu,
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “STEAM
Azerbaijan” layihəsinin dəstəyi ilə həyata keçirilib. Rəsmi açılış
mərasimi zamanı iştirakçılara Beynəlxalq Kosmik Stansiyanın modeli
təqdim olunub və lentkəsmə mərasimi keçirilib.

İki gün davam edəcək təlimlərdə müəllimlər üçün xüsusi proqram
təqdim olunub. Təlimlərdə Türkiyənin İzmir şəhərində yerləşən və
dünyada tanınmış kosmik düşərgə olan “Space Camp Türkiye”nin
nümayəndə heyəti iştirak edir. “Space Camp Türkiye”nin
nümayəndələri azərbaycanlı müəllimlərlə öz təcrübələrini bölüşərək,
STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat)
istiqamətində tətbiq olunan beynəlxalq təcrübə və metodologiyaları
təqdim edəcəklər.




Təlimlərin əsas məqsədi müəllimlərin STEAM sahəsində müasir
yanaşmalar və qlobal təcrübə ilə tanışlığını təmin etmək, bu
biliklərin Azərbaycan təhsil sisteminə inteqrasiyasına dəstək
göstərmək və gənc nəslin kosmos, texnologiya və elmi sahələrə
marağını artırmaqdır.

2000-ci ildən fəaliyyət göstərən və ABŞ-ın Alabama ştatındakı “Space Camp”dan sonra dünyada ikinci belə düşərgə olan “Space Camp
Türkiye”, il ərzində 60-dan çox ölkədən 260.000-dən çox məktəblini
qəbul edir. Düşərgə 9-16 yaş arası şagirdlər üçün nəzərdə tutulmuş
müxtəlif proqramlar vasitəsilə yalnız nəzəri biliklər deyil, eyni
zamanda 2D, 3D və 4D texnologiyaları, interaktiv kosmik missiya
simulyatorları ilə zənginləşdirilmiş praktiki təcrübələr təqdim
edir.

Düşərgə həmçinin, məktəblilərin komanda işi, liderlik, tənqidi
düşüncə və qlobal ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədilə
geniş miqyaslı proqramlar həyata keçirir. Hər il keçirilən
“Qalaktika Yay Düşərgəsi” çərçivəsində iştirakçılar “Aya kosmik
missiyalar”, “Marsda kolonizasiya”, “Astronavt simulyatorları” və
digər elmi-əyləncəli fəaliyyətlərdə iştirak edərək beynəlxalq
sertifikatla təltif olunurlar.