Türkiyənin geyim istehsalçısı Azərbaycan bazarına çıxış imkanlarını nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda işimizi inkişaf etdirmək üçün yerli sahibkarlarla
daha yaxın əməkdaşlıq etmək vacibdir.

Bunu Türkiyənin geyim və tekstil sahəsində fəaliyyət göstərən
“MYN Triko” şirkətinin icraçı direktoru Metin Akyüz Türkiyə iş
adamlarının Bakıda keçirilən biznes görüşü çərçivəsində Trend-ə açıqlamasında
deyib.

O, Bakıya ticarət məqsədilə ilk dəfə gəldiyini bildirib və qeyd
edib ki, bu cür tədbirləri daha sıx təşkil etmək, daha ətraflı
işlər aparmaq və hər iki tərəf üçün əldə ediləcək faydaları
maksimuma çatdırmaq lazımdır:

“Bu, çox dəyərlidir. Gələcəkdə bunun davamlı olmasına çalışmaq
vacibdir.

Şirkətimizin məhsullarını Azərbaycanda indiyədək təqdim edə
bilməməsində çatışmazlıqlar və qüsurlar ola bilər. Onları necə
aradan qaldıracağıq? Daha çox tədbir keçirməli və daha yaxın
əməkdaşlıq etməliyik. İndiyədək həmin sinerjini niyə yarada
bilməmişik? Bunu düzgün dəyərləndirməliyik. Hər iki tərəf üçün olan
narahatlıqları, qorxuları və iş inkişafını əngəlləyən faktorları
müzakirə edərək, daha sıx əməkdaşlıqla bunları aradan qaldırmalı və
yeni iş sahələri yaratmalıyıq”.

M. Akyüz daha sonra şirkəti barədə məlumat verib və Azərbaycan
bazarına mümkün çıxış imkanlarını dəyərləndirib:




“Biz Türkiyədə hazır geyim sektoru üzrə fəaliyyət göstərir, düz
toxuma və triko (toxunmuş və ya örülmüş parça və ondan hazırlanmış
geyim) istehsalı ilə məşğuluq. Bu məhsulları daha yüksək seqment
üçün həm daxili bazara, həm də ixrac üçün hazırlayırıq.

İxrac etdiyimiz ölkələr əsasən Şimali Avropa ölkələridir –
Almaniya, Hollandiya, Belçika, Fransa və s. Azərbaycana isə indiyə
qədər ixrac etməmişik. Lakin burada işimizi inkişaf etdirmək üçün
yerli sahibkarlarla daha yaxın əməkdaşlıq etmək vacibdir. Bu cür
görüşlər gələcəkdə faydalı olacaq”.

İş adamı şirkətlərinin Azərbaycanda mümükün filialının açılması
imkanlarından da bəhs edib:

“Azərbaycanda şirkətimizin filialını açmaq üçün bu bazarı yaxşı
araşdırmalı və qarşılıqlı razılıqlar əldə etməliyik. Belə bir
mümkün filial vasitəsilə yerli sahibkarlar, yaxud Azərbaycan triko
istehsalçıları Türkiyədəki şirkətlərimizlə əməkdaşlıq edərək məhsul
istehsal edib satışını burada həyata keçirə bilərlər. Bunun
nəticəsində bir sinerji və ticarət fəaliyyətləri yaranar.

Hazırda belə bir tələb və yaxınlaşma olmadığı üçün konkret bir
şey deyə bilmərəm. Amma tələb olarsa, işin inkişafı üçün bu
məsələni masaya qoyub müzakirə edərik.

Əvvəlcə sahibkarların təşəbbüsü önə çıxmalıdır. Yəni həm
Azərbaycan, həm də Türkiyə tərəfdən investisiya qoymağa hazır olan
təşəbbüskarlar olmalıdır. Bu olarsa, biz də öhdəliyimizə düşənləri
yerinə yetirə bilərik”.