
Bakı. Trend:
ABŞ Prezidenti bazar ertəsi uşaqlara vaksinlərin vurulması
arasında daha uzun fasilələr verilməsinə çağırıb və bununla bağlı
açıqlamalarında autizmlə vaksinasiya arasında əlaqəyə dəfələrlə
toxunub.
Donald Tramp bazar ertəsi vaksinlərlə bağlı yeni tövsiyələri
özündə əks etdirən fərman imzalayıb. Sənəddə uşaqlara vaksinlərin
vurulması arasında müddətin uzadılması tövsiyə olunur. Tramp
fərmanı təqdim edərkən bir neçə dəfə autizmlə bağlı fikirlər
səsləndirib.
Tibbi araşdırmalar heç vaxt autizmlə vaksinasiya arasında əlaqə
müəyyən etməyib. Lakin ABŞ prezidenti və səhiyyə naziri Robert F.
Kennedi Jr. belə bir əlaqənin ola biləcəyini irəli sürməkdə davam
edirlər.
“Onilliklər əvvəl uşaqlar bu gün tələb olunan vaksinlərin yalnız
kiçik bir hissəsini qəbul edirdilər. O vaxt insanlar daha sağlam
idilər və əlbəttə ki, bu gün gördüyümüz autizmin yüksək səviyyəsi
mövcud deyildi”, – Donald Tramp Ağ Evdə, Oval kabinetdə çıxışı
zamanı deyib. O, nitqi zamanı bu neyroinkişaf pozuntusuna bir neçə
dəfə toxunub. Bununla belə, Tramp autizmə nəyin səbəb olduğunu
“bilmirik” deyə etiraf edib.
ABŞ prezidenti uşaqlara vurulan iynələrin “qazlı içki butulkası
ölçüsündə” olduğunu deyib, lakin bu qeyri-adi müqayisə ilə bağlı
hər hansı izahat verməyib.
Donald Trampın sözlərinə görə, sənəddə qızılca, məxmərək və
parotitə qarşı vaksinlərin bir inyeksiya şəklində deyil,
ayrı-ayrılıqda vurulması da tövsiyə olunur. Səhiyyə Nazirliyi bu
vaksinlərin ayrıca tətbiqi üçün, lazım gəldikdə, “özəl sektor və
digər ölkələrlə əməkdaşlıq edərək” təkliflər hazırlayacaq işçi
qrupu yaradacaq.
Amerika Pediatriya Akademiyasının (AAP) prezidenti Endryu
Rasinin jurnalistlərlə keçirdiyi telefon konfransında bildirib ki,
ABŞ-da təsdiqlənmiş ayrı-ayrı vaksinlərin hazırlanması üçün on
ildən çox vaxt tələb oluna bilər.
AAP nümayəndəsi Aaron M. Milstoun isə əlavə edib: “Biz uşaqlara
təhlükəsizliyi onilliklər ərzində toplanmış məlumatlarla
təsdiqlənən vaksinin tətbiqinə davam etməyi tövsiyə edirik.”
Ayrı bir telefon danışığı zamanı Ağ Evin yüksək vəzifəli
rəsmilərindən prezidentin bu vaksinləri niyə ayrı tətbiq etmək
istədikləri soruşulub. Onlar buna aydın izah verə bilməyiblər.
Özü də həkim olan respublikaçı senator Bill Kassidi “X” sosial
şəbəkəsində bildirib ki, bu fərman yalnız “ictimai etimadsızlığı
artıracaq və uşaqların təhlükəsizliyini təhlükə altına atacaq”.
“Bu fərman səhvdir. Prezidentin bu dəyişiklikləri həyata
keçirmək üçün lazımi ekspertizası yoxdur. Vaksinlər son dərəcə
təhlükəsizdir. Vaksinlər effektivdir. Vaksinlər autizmə SƏBƏB
OLMUR”, – deyə o əlavə edib.
ABŞ federal hökumətinin vaksinlərlə bağlı birbaşa qərarlar qəbul
etmək səlahiyyəti olmadığı üçün ştatlara məktəblərə getmək üçün
tələb olunan vaksinlərə yenidən baxmağı tövsiyə etməklə
kifayətlənir.
Bazar ertəsi imzalanan fərman ölkə üzrə milyonlarla uşağın
məktəbə qayıtmağa hazırlaşdığı bir vaxta təsadüf edib. ABŞ hazırda
son 35 ilin ən ağır qızılca epidemiyası ilə üzləşib.
Vaksinlərə qarşı mövqeyi ilə tanınan Robert Kennedi Jr. səhiyyə
naziri təyin olunandan sonra bəzi vaksinlər, o cümlədən
onilliklərdir istifadə olunan preparatlar üzrə genişmiqyaslı
yenidən baxılma prosesinə başlayıb, uşaqlar üçün vaksinasiya
təqvimini dəyişdirib və yeni vaksinlərin hazırlanmasına ayrılan
maliyyəni azaldıb. Bu tədbirlər tibb və elm ictimaiyyəti tərəfindən
kəskin şəkildə tənqid olunub.
ABŞ məhkəməsi ilin əvvəlində Kennedinin təşəbbüsü ilə başlayan
ölkənin vaksin siyasətinin yenidən qurulması prosesini
dayandırmışdı. Bir sıra səhiyyə təşkilatları həmin vaxt yeni
tədbirlərin qanunsuz olduğunu bildirirdi.
Cato İnstitutunun nümayəndəsi Cefri Sinqer açıqlamasında deyib:
“Tramp administrasiyasının uşaqlar üçün vaksinasiya təqviminə
təklif etdiyi dəyişikliklər hökumətin tövsiyələrinə tibbi
qərarların qəbulunda üstün mövqe verilməsinin yaratdığı riskləri
nümayiş etdirir.”

