Sevil Mikayılova dövlət büdcəsində “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı bölmələrin yaradılmasını təklif edib

Baş səhifə

Bakı. Trend:

Bu büdcə layihəsi Prezident İlham Əliyevin dayanıqlı
iqtisadiyyatın qorunması və möhkəmləndirilməsi üçün hökumət
qarşısında qoyduğu vəzifələrə çatmaq üçün çox etibarlı sənəd
olacaq.

Trend xəbər
verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU)
Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil
Mikayılova parlamentin bir neçə komitəsinin ortaq iclasında
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili vurğulayıb ki, maliyyə nazirinin çıxışında bəhs
etdiyi əsaslı xərclərin effektivliyinin daha önəmli olması
məsələsini dəstəkləyir:

“Düşünürəm ki, məhz bu aspektdən 2026-cı il dövlət büdcəsinin
reallaşması, həm də regionlarda mövcud olan problemlərin həllində
əsas amil olacaq”.




Parlamentari çıxışında büdcənin tərtibatında beynəlxalq
gündəlikdə istifadə olunan bir sıra yeniliklərdən söz açıb:

“Xüsusilə təklif edirəm ki, növbəti illərdə dövlət büdcəsinə
“süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı ayrıca bölmələr
əlavə edilsin. BMT-nin Minillik Hədəflərinə dair hesabatlarında da
artıq “mavi iqtisadiyyat” termini geniş şəkildə tətbiq olunur.

Bu məsələnin əhəmiyyəti ondadır ki, Prezident İlham Əliyev Xəzər
dənizinin suyunun azalması kimi ekoloji məsələlərin ölkəmiz üçün
ciddi çağırışlara səbəb olduğunu vurğulayıb. Eyni zamanda digər su
hövzələrinin idarə olunması ilə bağlı da oxşar problemlərlə
rastlaşırıq. Bu baxımdan, əgər BMT öz büdcəsində “mavi
iqtisadiyyat”la bağlı bölmələrə yer verirsə, Azərbaycanın da
gələcək büdcə sənədlərində bu istiqamətə xüsusi yer ayırması
faydalı olar”.

Sevil Mikayılova qeyd edib ki, 2026-cı il dövlət büdcəsi kifayət
qədər düşünülmüş, çevik və müasir çağırışlara cavab verən sənəddir
və bu layihəni dəstəkləyəcək.