
Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların
İnkişafı Agentliyinin idarəçiliyində olan Sabirabad Sənaye
Məhəlləsində 2026-cı ilin yanvar-iyun ayları ərzində 3,3 milyon
manatlıq məhsul istehsal edilib.
Agentliyin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü
ilə müqayisədə 3 dəfədən çox artıb.
Bundan başqa, Sənaye Məhəlləsində bu ilin ilk 6 ayı ərzində ötən
ilin eyni dövrü ilə müqayisədə məhsul ixracı 74% faiz artıb.
Sənaye Məhəlləsində hazırda 8 rezident fəaliyyət göstərir.
Rezidentlər tərəfindən ümumilikdə 11,8 milyon manat investisiya
yatırılıb, 100-dən çox iş yeri yaradılıb.
Qeyd edək ki, Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası
Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb.
20,3 hektar ərazini əhatə edən sənaye məhəlləsində məişət
məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, qida
sənayesi və gübrə istehsalı əsas prioritet fəaliyyət
istiqamətlərini təşkil edir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi
Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur
Adıgözəlov qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran
vəzifələrə həsr olunmuş mətbuat konfransında qeyd edib ki,
ümumilikdə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə etdiyi
sənaye zonaları ölkənin sənaye potensialının gücləndirilməsində
mühüm rol oynayır. Onun sözlərinə görə, 2025-ci ilin sonuna qədər
sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident qeydiyyata
alınıb. Ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan
layihələr üzrə sahibkarlar tərəfindən 7 milyard manat həcmində
faktiki sərmayə yatırılıb.
“Hazırda sənaye zonalarında 82 müəssisə fəaliyyət göstərir və 9
700-dən çox daimi iş yeri yaradılıb. 2015-2025-ci illərdə sənaye
zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul istehsal
olunaraq satılıb ki, bunun da 6 milyard manatdan çoxu ixrac edilib.
Bu nəticələr sənaye zonalarının artıq dayanıqlı istehsal və
ixracyönümlü sənaye ekosisteminə çevrildiyini göstərir”, – deyə
İZİA sədri vurğulayıb.
O əlavə edib ki, iqtisadi zonalar xarici investorlar üçün də
getdikcə daha cəlbedici olur. Belə ki, 2016-cı ildə sənaye
zonalarına cəlb edilən xarici investisiyaların həcmi cəmi 10,4
milyon manat olduğu halda, təkcə 2025-ci ildə bu göstərici 87,9
milyon manata yüksəlib. Onun sözlərinə görə, bu dinamika
Azərbaycanın sənaye zonalarına beynəlxalq investorların marağının
davamlı şəkildə artdığını nümayiş etdirir.

