
Bakı. Trend:
Azərbaycan Baş Prokurorluğu “Şanlıurfa Olay” qəzetinin türkiyəli
köşə yazarı Celal Çiftçini beynəlxalq axtarışa verib. O,
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya
quruluşunun zorla dəyişdirilməsinə, dini nifrət və düşmənçiliyin
salınmasına yönələn materialların yayılması ilə bağlı cinayət işi
üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Trend
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Celal Çiftçinin işi ilə
buna bənzər ekstremist fəaliyyəti ilə seçilən və 2017-ci ildə
Azərbaycana gətirilərək məsuliyyətə cəlb edilən bloger Aleksandr
Lapşin arasında paralelləri araşdırıb.
İsrail və Rusiya vətəndaşlığı olan bloger Aleksandr Lapşin
2016-cı il dekabrın 14-də Belarusda Azərbaycanın tələbi ilə
saxlanılmışdı.
Lapşin Azərbaycan hökumətinin icazəsi olmadan ölkəmizin o
zamanlar hələ işğal altında olan Qarabağ bölgəsinə səfər etməkdə,
habelə Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışlar etməkdə
ittiham olunurdu. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin
281.2-ci və 318.2-ci maddələri ilə cinayət işi başlanmış,
dövlətlərarası axtarış elan edilmişdi.
Belarus Ali Məhkəməsi onun ekstradisiyası barədə qərardan
verilən şikayəti təmin etmədikdən sonra Lapşin 2017-ci il fevralın
7-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enən təyyarə ilə Bakıya
çatdırılmışdı.
Həmin vaxt baş verən hadisə beynəlxalq axtarışa verilmiş şəxsin
başqa ölkədə saxlanılaraq Azərbaycana ekstradisiya edilməsinin
konkret nümunəsi oldu.
Lapşin Azərbaycana gətirildikdən sonra məhkəmə qarşısına
çıxarıldı.
2017-ci il iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi ona
Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə üç il müddətinə
azadlıqdan məhrumetmə cəzası vermiş, bununla yanaşı, 281.2-ci maddə
ilə irəli sürülən ittiham üzrə bəraət hökmü çıxarmışdı.
2017-ci il sentyabrın 11-də əfv sərəncamı ilə azadlığa çıxan
Lapşin xarici ölkələrdən birinə köçüb.
Odur ki, Türkiyə vətəndaşı Celal Çiftçi və onun kimi Azərbaycana
qarşı qarayaxma kampaniyasında iştirak edənlər şəxslər xarici ölkə
vətəndaşları olmaqlarına, ölkə hüquqlarından kənarda yaşamaqlarına
arxayın olmamalıdır.
Onlar anlamalıdırlar ki, gec və ya tez mütləq Azərbaycan
Femidasının qarşısında cavab verəcəklər və həmin gün uzaqda
deyil.

