Bu gün Azərbaycan dili fənni üzrə ikinci cəhd imtahanı keçiriləcək

Baş səhifə

Bakı. Trend:

İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) ali və ya orta ixtisas
təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın
3-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya
iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin
abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9
illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 3-də
keçirilmiş imtahanda iştirak etməyən cari ilin məzunları üçün
Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd)
keçirəcək.

Bu barədə DİM-dən məlumat verilib

Bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində 9 binada
təşkil olunacaq.

İmtahan bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-də
buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində
qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsini;

– Şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;




– Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə
yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri
yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli
yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

– dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3
qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli
1 tapşırıq);

– dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10
qapalı tipli tapşırıq;

– oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7
qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli
1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

İmtahanın idarə olunması üçün 9 ümumi imtahan rəhbəri, 20
imtahan rəhbəri, 145 nəzarətçi ayrılıb, 16 buraxılış rejimi
əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb.

İmtahanda 13 nəfər sağlamlıq imkanları məhdud şagird
(abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan
verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi
müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.