
Bakı. Trend:
Azərbaycan, İran və Rusiya arasında Bakıda keçirilən üçtərəfli
iclas regional çərçivədə məsləhətləşmə və mövqelərin koordinasiya
olunması üçün izlənən mexanizmlərdən biridir.
Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün (13 oktyabr) Tehranda keçirilən mətbuat
konfransında deyib.
Onun sözlərinə görə, bu iclasda bir çox məsələlər, o cümlədən
iqtisadi və ticarət məsələləri diqqət mərkəzində saxlanılır.
Bəqai bildirib ki, sözügedən iclas İran və qonşu ölkələrin
regional koordinasiyalar vasitəsi ilə sabitliyin
möhkəmləndirilməsinə önəm verdiyini göstərir.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, İran və Rusiya
nümayəndələrinin iştirakı ilə üçtərəfli iclas keçirilir. İclasda
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, enerji, gömrük və sairə
iqtisadi və ticarət məsələləri müzakirə olunur.

