Bərpa olunan enerji sahəsində təhsilə dəstək (FOTO)

Baş səhifə

bp məmnuniyyətlə dünən Azərbaycan Dövlət Neft və Sənaye
Universitetində (ADNSU) keçirilmiş bərpa olunan enerji mənbələri
üzrə magistr proqramının ilk buraxılış tədbirinə qoşuldu. bp ikili
diplom verən bu proqrama təsis edildiyi vaxtdan, yəni 2023-cü ildən
dəstək verir.

Bu ikili diplom proqramı Azərbaycanda tamamilə yeni bir təhsil
istiqaməti olmaqla bərpa olunan enerji mənbələri üzrə ixtisaslaşan
yeni nəsil yerli mühəndislərin yetişdirilməsinə imkan yaradır. bp
bu proqrama ölkədə bacarıq və potensialın inkişafına uzunmüddətli
dəstək öhdəliyinin bir hissəsi kimi iki milyon dollarlıq sosial
sərmayə layihəsi ilə qoşulub.

Bu yeni təhsil proqramında əlamətdar bir hadisə olan bugünkü
buraxılış tədbirində ilk 27 məzunun ikili diplom təhsilinin uğurla
başa çatması bayram edildi.

Proqram Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin
təşəbbüsü ilə təsis edilmişdir və ADNSU tərəfindən Uorik (Warwick)
Universiteti ilə tərəfdaşlıqda həyata keçirilir. Təşəbbüsdə məqsəd
beynəlxalq akademik təcrübəni yerli tədris metodologiyaları ilə bir
araya gətirməklə Azərbaycanda bərpa olunan enerji üzrə təhsil
potensialını gücləndirməkdir. bp-nin bu proqrama dəstəyi bərpa
olunan enerji laboratoriyasının yaradılmasını, lazımi infrastruktur
və avadanlığın təminatını, həmçinin akademik potensialın
gücləndirilməsinə və akademik heyətin inkişafına yönəlmiş
fəaliyyətləri əhatə edir.

Bu yeni ikili diplom proqramının ilk məzun buraxılışını qeyd
etməkdən çox məmnunuq. Təhsil və bacarıqların inkişafına sərmayə
Azərbaycanın enerji keçidinə dəstəyimizin əhəmiyyətli bir
hissəsidir. İnanırıq ki, bu proqram ölkənin sürətlə inkişaf edən
enerji sektorunun tələb etdiyi praktik bilik və səriştələri olan
yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına böyük dəstək
olacaq. Bu uğurlu başlanğıc həmçinin ölkədə bərpa olunan enerji
sahəsində təhsil potensialının artırılması istiqamətində Elm və
Təhsil Nazirliyi və universitetlərlə qurduğumuz güclü əməkdaşlığın
əhəmiyyətini əks etdirir.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli




bp-nin layihəyə hazırda davam edən dəstəyinə aşağıdakılar
daxildir:

Bərpa olunan enerji laboratoriyasının yaradılması – ADNSU-da
yaradılacaq günəş, külək və hidrogen enerjisi üzrə praktiki öyrənmə
və tətbiqi tədqiqatların aparılmasına imkan verən müasir
laboratoriya. Laboratoriya qabaqcıl eksperimental və simulyasiya
avadanlıqları ilə təchiz ediləcək və bu, tələbə və tədqiqatçılara
real şəraitdə ölçmələr aparmağa, enerji çevrilməsi proseslərini
müşahidə etməyə və sistemlərin fəaliyyət göstəricilərini sənaye
üzrə uyğun proqram təminatlarından istifadə etməklə təhlil etməyə
imkan verəcək.

Laboratoriyanın səmərəli fəaliyyəti üçün lazım olan
infrastruktur, avadanlıq və əməliyyat dəstəyi. Bura İT
avadanlıqları, proqram təminatı və lisenziyalar, mebel təchizatı,
ilk tibbi yardım vasitələri və qoruyucu geyimlər, həmçinin
laboratoriya sahəsi üzrə tikinti və təmir işləri daxildir.

Yerli akademik potensialın gücləndirilməsi üçün bacarıqların
artırılması və akademik heyətin inkişafı. Bura proqramın tədris
heyəti üçün ingilis dili təlimləri, eləcə də bərpa olunan enerji
sahəsində ixtisaslaşan yerli müəllimlərin, mütəxəssislərin və
proqram inzibatçılarının bilik mübadiləsi məqsədilə Uorik (Warwick)
Universitetinə (Böyük Britaniya) tədris səfərləri.

İkili diplom proqramının ikinci tədris qrupuna məqsədli dəstək,
o cümlədən Bakıda dərs deyən Böyük Britaniyalı müəllimlərin səfər
və təlim xərcləri, həmçinin ADNSU tələbələrinin beynəlxalq akademik
mühitlə tanışlığı və praktiki öyrənmə təcrübəsi qazanmaları üçün
Böyük Britaniyada yay məktəbində iştirakı ilə bağlı xərclər.