Avstriya XİN-in rəsmi saytına kiberhücum edilib

Baş səhifə

Bakı. Trend:

Avstriya Xarici İşlər Nazirliyinin rəsmi internet saytına
kiberhücum edilib. Nəticədə hakerlər nazirlik əməkdaşlarının və
ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin rəsmi əlaqə
məlumatlarına çıxış əldə ediblər.

Bu barədə Avstriya Mətbuat Agentliyi (APA) nazirliyin bəyanatına
istinadən məlumat yayıb.

Bəyanata əsasən, xarici podratçı şirkət tərəfindən idarə olunan
sayta icazəsiz müdaxilə noyabrın 12-dən 13-nə keçən gecə baş verib.
Hadisə “Microsoft” sistemlərində qeydə alınan qlobal nasazlıqla
eyni vaxta təsadüf edib. İcazəsiz giriş noyabrın 13-də aşkarlanaraq
dərhal bloklanıb.




Ekspert qrupunun araşdırması nəticəsində məlum olub ki, hakerlər
Avstriya XİN-in mərkəzi aparatının, eləcə də ölkənin xaricdəki
diplomatik nümayəndəliklərinin əməkdaşlarının adları və işgüzar
əlaqə məlumatlarının yer aldığı qeydlərə çıxış əldə ediblər.
Bununla belə, nazirlik insident zamanı heç bir məxfi və ya fərdi
məlumatın oğurlanmadığını bildirib.

Nazirlik xarici podratçı ilə birlikdə sistemin təhlükəsizliyinin
təmin edilməsi üçün təxirəsalınmaz tədbirlərin görüldüyünü və
hadisəyə ciddi yanaşıldığını vurğulayıb. İnsidentlə əlaqədar
təhlükəsizlik sistemlərində əlavə texniki yoxlamalar da
aparılıb.

Qeyd edək ki, Avstriya Xarici İşlər Nazirliyi daha əvvəl də
kiberhücumların hədəfinə çevrilib. 2020-ci ilin əvvəlində qurum
fevral ayınadək davam edən genişmiqyaslı kiberhücuma məruz qalıb.
2022-ci ilin aprelində isə fişinq məktubları vasitəsilə hücum
cəhdləri qeydə alınıb.