
Bakı. Trend:
Audi şirkəti ABŞ-da ilk zavodunun tikintisinə 4 milyard dollar
investisiya yatıracaq. Bu arada, Volkswagen Group konserni
satışlarının və mənfəətinin azalmasına səbəb olan yüksək gömrük
rüsumlarının yumşaldılmasına nail olmağa çalışır.
Corciya ştatında yeni müəssisənin yaradılması barədə Audi
şirkətinin baş icraçı direktoru Gernot Döllner və ABŞ Prezidenti
Donald Tramp həmin ştatda keçirilən mitinq zamanı elan ediblər.
Gözlənilir ki, 2030-cu illərin əvvəlində istehsala başlayacaq zavod
ildə 200 minədək avtomobil istehsal edəcək və təxminən 4 500 yeni
iş yeri yaradacaq.
“Bu, uzunmüddətli investisiyadır, çünki biz Amerika bazarına
inanırıq”, — Döllner mitinqdə bildirib.
Tramp Audi-nin investisiya planı barədə elandan Avropa
İttifaqının bir çox məhsullarına, o cümlədən avtomobillərə tətbiq
etdiyi 15 faizlik gömrük rüsumlarının uğurlu olduğunu vurğulamaq
üçün istifadə edib.
Bu rüsumlar Trampın iqtisadi siyasətinin əsas elementlərindən
biridir. Bununla belə, onun ticarət müharibəsi aralıq seçkilərdə
Senat uğrunda gərgin mübarizə aparan bəzi respublikaçılar
tərəfindən tənqid olunub. Onlar seçkilərdə qələbə şanslarını
azaldan, mal və xidmətlərin əlçatanlığı ilə bağlı daha geniş
böhrandan özlərini uzaq tutmağa çalışırlar.
“Yeri gəlmişkən… avtomobil biznesimizin 58 faizi yoxa
çıxmışdı. İndi hər şey geri qayıdır”, — deyə prezident mitinqdə
bildirib. O, daha sonra Audi-nin investisiyasının “gömrük rüsumları
olmadan” həyata keçirilməyəcəyini əlavə edib.
Hyundai və Stellantis də daxil olmaqla, digər avtomobil
istehsalçıları da ABŞ-a investisiyalarını genişləndiriblər. Bu
bazar avtomobil sənayesi üçün yüksək gəlirlidir, çünki iri
yolsuzluq avtomobilləri və pikaplar daha yüksək mənfəət marjası
təmin edir.
Audi-nin investisiya qərarı, həmçinin Tramp administrasiyası ilə
bütövlükdə Volkswagen Group arasında bir ildən artıq davam edən
danışıqların yekun mərhələsi olub.
Volkswagen-in rəhbəri Oliver Blume ABŞ-da “böyük investisiyalar”
həyata keçirəcəyini vəd edib. O, avtomobillərə tətbiq olunan gömrük
rüsumlarının 15 faizdən aşağı salınmasına imkan verəcək ayrıca
saziş imzalamaq üçün Vaşinqtonla danışıqlar aparır. Ötən il Blume
Almaniya konserninin Audi avtomobillərinin istehsalını ABŞ-a
köçürmək və ölkədən ixracı genişləndirmək imkanlarını nəzərdən
keçirdiyini bildirmişdi.
Ötən həftəsonu yayımlanan bəyanatında Blume Volkswagen-in Şimali
Amerikanı “gəlirli artım üçün mühüm bazar” hesab etdiyini qeyd
edib. O əlavə edib ki, “Volkswagen Group-un bütövlükdə fəaliyyəti
Şimali Amerika kimi inkişaf edən regionlardakı uğurlardan
faydalanır”.
Audi, Bentley və Lamborghini markalarını da özündə birləşdirən
Volkswagen Group konserni Trampın gömrük rüsumlarından ciddi zərər
çəkib. 2026-cı ilin ilk altı ayında bu üç markanın ABŞ-a avtomobil
tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalıb.
Avropanın ən böyük avtomobil istehsalçısı genişmiqyaslı və
görünməmiş restrukturizasiya prosesinə başlayıb. Daha münasib
qiymətə elektrik avtomobilləri və hibridlər təklif edən Çin
şirkətlərinin kəskin rəqabəti fonunda bu proses 100 minədək iş
yerinin ixtisarını nəzərdə tutur.
ABŞ bütövlükdə Volkswagen Group üçün həyati əhəmiyyət daşıyan
bazara çevrilib. Konsern dünyanın ikinci ən böyük avtomobil bazarı
olan ABŞ-da bazar payını artırmaqla Çində satışların kəskin
azalmasını kompensasiya etməyə çalışır. Bununla belə, Volkswagen-in
Şimali Amerikadakı bazar payı hələ də aşağıdır və təxminən 4 faiz
təşkil edir.

