
Bakı. Trend:
İnsanın ölüm anı beynin bütün funksiyalarının geridönməz
dayanması və ya bioloji ölüm əlamətləri əsasında müəyyən edilir.
Reanimasiya tədbirləri isə müəyyən edilmiş meyarlar üzrə nəticəsiz
qaldıqda dayandırılır.
Trend-in
qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, ölüm
prosesi kliniki və beyin ölümündən sonra bioloji ölümlə başa
çatır.
Klinik ölüm zamanı ürəyin fəaliyyəti və tənəffüs dayanır, lakin
təxirəsalınmaz reanimasiya tədbirləri ilə orqanizmin həyat
fəaliyyətini bərpa etmək mümkün olur.
Klinik ölüm həkim və ya feldşer tərəfindən müəyyən edilir. Beyin
ölümü isə ürəyin fəaliyyəti və ağciyərlərin süni ventilyasiyası
davam etdiyi halda beynin bütün funksiyalarının tam və geridönməz
dayanmasının qeydə alınması ilə təsdiqlənir. Bu diaqnoz xəstənin
olduğu tibb müəssisəsində həkimlərin konsiliumu tərəfindən qoyulur.
Konsiliumun tərkibinə öz ixtisası üzrə ən azı beş il iş təcrübəsi
olan anestezioloq-reanimatoloq və nevropatoloq daxil
edilməlidir.
Bioloji ölüm orqanizmin həyat fəaliyyətinin geridönməz
dayanmasıdır və bədəndə meydana çıxan erkən və ya gec meyit
əlamətləri əsasında müəyyən edilir. Beyin ölümü və ya bioloji ölüm
insanın ölüm anı hesab olunur.
Qaydalara görə, reanimasiya tədbirləri insanın həyati vacib
funksiyalarının bərpasına, o cümlədən tənəffüs və qan dövranının
süni şəkildə saxlanmasına yönəldilir. Bu tədbirlər həkim və ya
feldşer tərəfindən həyata keçirilir. Fövqəladə hallarda onlar
olmadıqda, müvafiq tibbi təlim keçmiş və lazımi bacarıqlara
yiyələnmiş şəxslər də reanimasiya tədbirləri görə bilərlər.
Reanimasiya tədbirləri aşağıdakı hallarda dayandırılır:
– Beyin ölümü müəyyən edilərək insanın ölümü təsdiqləndikdə;
– Həyati vacib funksiyaların bərpasına yönəlmiş reanimasiya
tədbirləri 30 dəqiqə ərzində nəticə vermədikdə;
– Yenidoğulmuşlarda tam həcmdə reanimasiya tədbirlərinə
başlanıldıqdan sonra 10 dəqiqə ərzində ürək döyüntüsü
olmadıqda;
– Bioloji ölüm əlamətləri aşkarlandıqda.
Ölüm haqqında tibbi şəhadətnamə mülkiyyət formasından asılı
olmayaraq ambulator-poliklinik, stasionar və sanator-kurort xidməti
göstərən tibb müəssisələri, eləcə də patoloji-anatomik müayinə
aparan dövlət tibb müəssisələri tərəfindən verilir.
Ölümün səbəbi məlum olduqda, şəhadətnamə, bir qayda olaraq,
vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi
üzrə ambulator tibb müəssisəsi tərəfindən tərtib edilir. Ana ölümü,
infeksion xəstəlik və ya belə xəstəliyə şübhə, tibbi müayinə və
müdaxilə zamanı baş verən ölüm, zorakı ölümə şübhə, ölüm səbəbinin
naməlum olması və ya qohumların müayinə və müalicə ilə bağlı
şikayətləri olduqda isə şəhadətnamə patoloji-anatomik və ya
məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən
verilir.
Ölüm şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb
müəssisəsində baş verərsə, tibbi şəhadətnaməni həmin müəssisə
verir. Yenidoğulmuşun ölümü doğulduqdan sonrakı 168 saat ərzində
baş verdikdə isə perinatal ölüm haqqında tibbi şəhadətnamə
doldurulur.
Tibbi şəhadətnamə elektron registr vasitəsilə həkim və ya
feldşer tərəfindən doldurulur və elektron imza ilə təsdiqlənir.
Sənədi əldə etmək üçün müraciət edən şəxs vəfat edənin və özünün
şəxsiyyətini, eləcə də qohumluq əlaqəsini təsdiq edən sənədləri
tibb müəssisəsinə təqdim etməlidir. Sənədlər yoxlanıldıqdan sonra
vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni
elektron xidmət vasitəsilə əldə edə bilər.
Ölüm barədə məlumat tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə
Nazirliyinə, nazirlik tərəfindən isə həmin gün Elektron Hökumət
İnformasiya Sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya
sisteminə ötürülür.
Şəhadətnamənin verilməsi ilə bağlı mübahisələr məhkəmə
qaydasında həll olunur.

