Azərbaycanda yanvar-sentyabr ayları ərzində 20 milyon tona yaxın xam neft hasil olunub

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda qaz
kondensatı da daxil olmaqla, 19,860 milyon ton xam neft hasil
edilib.

Bu haqda Azərbaycanın Dövlət Statistika Komitəsinin saytında
dərc olunan hesabatda deyilir.

Trend-in qurumun
məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən
ilin müvafiq dövrü ilə müqayisədə 816 min ton və ya 3,9 faiz
azdır.

Hesabat dövründə əmtəəlik xam neftin ümumi hasilatdakı payı
19,810 milyon ton təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrünün
göstəricisi ilə müqayisədə 819 min ton və ya 4 faiz azdır.

Qurumun məlumatına görə, dağ-mədən sənayesinin məhsullarının
ümumi dəyəri 31,1 milyard manat təşkil edib. Bununla yanaşı,
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahədə sənaye
istehsalının real ifadədə həcmi 1,6 faiz azalıb.




Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft
bazarının vəziyyətinə dair aylıq hesabatına əsasən, Azərbaycanda
gündəlik xam neft hasilatı 2026-cı ilin sentyabrında avqustdakı 442
min barellə müqayisədə 448 min barel təşkil edib.

Beləliklə, ölkədə gündəlik neft hasilatı əvvəlki ayla müqayisədə
1,36 faiz artıb.

Sentyabrda hasilatın artması iyulda gündəlik 455 min bareldən
avqustda 442 min barelə enməsindən sonra qeydə alınıb. Azalma 2,9
faiz təşkil edib.

OPEC-in qiymətləndirməsinə görə, 2026-cı ilin birinci rübündə
Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 454 min barel,
ikinci rübdə 456 min barel, üçüncü rübdə isə 449 min barel təşkil
edib.