
Bakı. Trend:
İran tərəfi ABŞ-dən müzakirələrin bərpa olunması ilə əlaqədar
təklif alıb.
Bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani “X” sosial
şəbəkəsindəki hesabında yazıb.
“İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ tərəfinin
İrana təklifini alıb”, -deyə o qeyd edib.
Mohacerani bildirib ki, İran Nazirlər Kabinetinin bugünkü
iclasında İran xarici işlər nazirinin Nyu-Yorka səfəri, görüşlər, o
cümlədən vasitəçilərin vasitəsi ilə Hörmüz boğazının açılması ilə
əlaqədar İranın irəli sürdüyü təklif araşdırılıb.
Hökumət sözçüsü qeyd edib ki, qarşı tərəfin İranı təcrid etmək
üçün səylər göstərməsinə baxmayaraq, İran heyəti diqqət mərkəzində
olub və Avropa, Fars körfəzinin ətrafındakı ölkələr və digər
ölkələrin rəsmiləri ilə çoxsaylı görüşlər təşkil olunub və xarici
siyasət üzrə həll yolunun tapılması üçün diplomatik səylər ciddi
şəkildə diqqət mərkəzində saxlanılıb.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

