Azərbaycanda psixiatriya müayinəsi bəzi hallarda məcburi olacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda prokurorun qərarı ilə psixiatriya müayinəsi, habelə
profilaktik müayinə aparılması mümkün olacaq.

Trend-in
iclasdakı müxbiri xəbər verir ki, bu, Milli Məclisin bugünkü
iclasında müzakirə olunan “Psixiatriya yardımı haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, psixiatriya müayinəsinin yekununa
(diaqnoza) dair dərhal müayinə üçün müraciət etmiş şəxsə, prokurora
və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) məlumat veriləcək.

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə
psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa
şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, şəxsin özünün və
ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin
aparılması ilə bağlı qərar inzibati xətaya dair iş üzrə icraatı
aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxs tərəfindən
qəbul ediləcək.

Bu halda da prokurorun və ya müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinin
qərarı ilə psixiatriya müayinəsi, habelə profilaktik müayinə
aparılacaq.




Məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər)
zamanı pasiyentin özü və ya digər şəxslər üçün bilavasitə təhlükə
doğuran hərəkətlərinin qarşısının alınması məqsədilə psixiatriya
müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən edilən həddlərdə rejim qaydaları
və təhlükəsizlik tədbirləri təmin ediləcək.

Psixi pozuntu vəziyyətində olan şəxsin məhkəmənin qərarına qədər
qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında
həkim-psixiatrın qərarı barədə müvafiq psixiatriya müəssisəsinin
rəhbəri dərhal həmin şəxsin yaxın qohumlarına və ya qanuni
nümayəndələrinə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinə
məlumat verməlidir.

Psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı
almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin
özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə ediləcək.
Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun
yazılı müraciətindən sonra iki iş günü ərzində müəssisənin
müdiriyyəti tərəfindən təqdim olunacaq. Müalicədən imtina edilməsi
ilə bağlı məlumatlar elektron sağlamlıq kartı sisteminə daxil
ediləcək.

Tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin
stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla
aparılacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq
birinci oxunuşda qəbul edilib.