Azərbaycan və Qazaxıstan arasında media sahəsində tərəfdaşlıq müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

8 aprel tarixində Medianın İnkişafı Agentliyində (MEDİA)
Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin
müavini Rustam Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş
keçirilib.

Bu barədə Trend-ə MEDİA-dan məlumat verilib.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd
İsmayılov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və əməkdaşlıq
münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edərək, media
sahəsində tərəfdaşlığın genişləndirilməsinin vacibliyini
vurğulayıb.




O bildirib ki, bu istiqamətdə qabaqcıl təcrübələrin tətbiqi,
media savadlılığı və dezinformasiyaya qarşı mübarizə sahəsində
birgə fəaliyyətin gücləndirilməsi, informasiya mühitində keyfiyyət
və etibarlılığın qorunması, eləcə də müasir çağırışlara uyğun çevik
və effektiv mexanizmlərin formalaşdırılması xüsusi əhəmiyyət kəsb
edir.

Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin
müavini Rustam Ali müvafiq sahəyə məsul qurumlar və media
subyektləri arasında təcrübə mübadiləsinin təşkili, birgə
layihələrin icrası, eləcə də saxta və qeyri-mötəbər məlumatların
yayılmasına qarşı mübarizə məsələlərinə diqqət çəkib, qarşılıqlı
əməkdaşlığın genişləndirilməsi, informasiya təhlükəsizliyinin
gücləndirilməsi və media mühitində dayanıqlı inkişafın təmin
olunması istiqamətində fikir mübadiləsi aparılıb.

Qazaxıstan Respublikasının xarici işlər nazirinin müşaviri
Alişer Askaroviç Suleymenov bildirib ki, rəqəmsallaşma dövründə
media sahəsində koordinasiyalı fəaliyyət və birgə təşəbbüslər daha
dayanıqlı və təhlükəsiz informasiya mühitinin formalaşmasına xidmət
edir. O, həmçinin qarşılıqlı etimadın artırılması və ortaq
kommunikasiya platformalarının yaradılmasının vacibliyini diqqətə
çatdırıb.