Müharibə tam gücü ilə davam edəcək – Netanyahu

Baş səhifə

Bakı. Trend:

İrana qarşı müharibə tam gücü ilə davam edəcək.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu İsrail baş nazir Benyamin Netanyahu
öz “X” sosial şəbəkə səhifəsində yazıb.

Netanyahu İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyat
xidmətinin rəhbəri, ordu generalı Məcid Xademinin Tehrana səhər
saatlarında endirilən hava zərbələrindən biri nəticəsində
öldürülməsinə görə ordunu təqdir edib.

O eyni zamanda, SEPAH-ın Qüds Qüvvələrinin 840 saylı hissəsinə
başçılıq etmiş Yəzdan Mirin zərərsizləşdirilməsinə görə İsrail
Müdafiə Qüvvələrini alqışlayıb. Onun sözlərinə görə Sərdar Bağeri
təxəllüsü ilə tanınan iranlı komandan dünyanın müxtəlif
bölgələrində yaşayan yəhudilərə edilən hücumlara cavabdeh olub.




“Vətəndaşlarımızı öldürməyə cəhd edən, İsrailə qarşı terroru
yönləndirən, İranın şər oxunu quran hər kəs – onların axıdılan
qanına görə özləri cavabdehdirlər. Biz güc və qətiyyətlə hərəkət
edirik, bizə zərər vermək istəyən hər kəsə çatacağıq,” – baş nazir
xəbərdarlıq edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.