Dünyada neft böhranına qarşı sərt məhdudiyyətlər təklif edilib

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyi (BEA) Yaxın Şərqdə artan gərginliyin
qlobal neft təchizatında ciddi böhrana səbəb ola biləcəyi barədə
xəbərdarlıq edib və istehlakın sürətlə azaldılması üçün radikal
tədbirlərə çağırıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, agentliyin məlumatına görə, dünya
neft daşımalarının təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında
nəqliyyatın dayanma həddinə çatması fonunda neftin qiyməti 1 barel
üçün 100 dolları ötüb.

BEA bildirib ki, strateji ehtiyatlardan 400 milyon barel neftin
bazara buraxılması planlaşdırılır, lakin bu addım təkbaşına kifayət
etməyəcək. Bu səbəbdən istehlakın azaldılması üçün təcili davranış
dəyişiklikləri vacib hesab olunur.




Təklif olunan tədbirlər arasında nəqliyyat sektorunda
məhdudiyyətlər xüsusi yer tutur. Belə ki, mümkün sahələrdə uzaqdan
iş rejiminə keçid, avtomobil yollarında sürət limitinin ən azı 10
km/saat azaldılması və şəxsi avtomobillər əvəzinə ictimai
nəqliyyatın təşviqi tövsiyə edilir.

Bundan əlavə, iri şəhərlərdə “tək-cüt nömrə” sistemi, avtomobil
paylaşımı, yük daşımalarında optimallaşdırma və qənaətli sürücülük
üsullarının tətbiqi təklif olunur. Hava nəqliyyatında isə
alternativi olan hallarda, xüsusilə işgüzar uçuşlardan imtina
edilməsi tövsiyə edilir.

BEA həmçinin hökumətləri aşağı gəlirli əhali qruplarını qorumaq
üçün dəstək tədbirləri görməyə çağırıb və fərdi davranış
dəyişikliklərinin qlobal bazardakı təzyiqi azaltmaqda mühüm rol
oynadığını vurğulayıb.