Bakı. Trend:
Böyük Britaniya Dəniz Qüvvələrinin desant gəmisi “RFA Lyme Bay”
təlim və manevrlərdə iştirak etmək üçün Cəbəllütariqdəki hərbi
dəniz bazasını tərk edib.
Trend xəbər verir
ki, bu barədə məlumat “Sky News” kanalının Böyük Britaniya Müdafiə
Nazirliyinin nümayəndəsinə istinadən yayılıb.
Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, “RFA Lyme Bay təlim və
manevrlər üçün dənizə çıxıb. Şərqi Aralıq dənizində dəniz
missiyaları zamanı gəmidən istifadə etmək lazım gələrsə, o, ehtiyat
tədbiri olaraq yüksək hazırlıq vəziyyətindədir”.
“Lyme Bay” Böyük Britaniyanın Köməkçi Donanmasının tərkibinə
daxildir və tez-tez humanitar yardım göstərmək və ya üzən xəstəxana
funksiyasını yerinə yetirmək üçün istifadə olunur.
Gəmi həmçinin aviasiya platforması kimi fəaliyyət göstərə bilər
və onun üzərində “Chinook” və “Merlin” helikopterləri, eləcə də
“Osprey” tiltrotor təyyarələri yerləşdirilə bilər.

