Fransada yeni nüvə aviadaşıyıcısının hazırlanması planlaşdırılır

Baş səhifə

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron martın 18-də Nant
yaxınlığındakı İndre bölgəsində inşa edilən yeni aviadaşıyıcının
tikinti sahəsinə səfər edəcək.

Trend xəbər verir ki, bu
səfər zamanı dövlət başçısının gələcək gəminin adını açıqlayacağı
gözlənilir. Yeni aviadaşıyıcı hazırda Fransa donanmasının əsas
gəmisi olan “Charles de Gaulle”u əvəz edəcək. Prezident tərəfindən
ötən ilin dekabrında rəsmiləşdirilən layihəyə əsasən, yeni gəmi
əvvəlki modeldən xeyli böyük olacaq. Onun yerdəyişməsi 80 min ton,
uzunluğu isə təxminən 310 metr olacaq. Müqayisə üçün mövcud
aviadaşıyıcının çəkisi 42 min ton, uzunluğu isə 261 metrdir.

Yeni gəmidə təxminən 2000 nəfərlik ekipaj xidmət edəcək və o, 30
döyüş təyyarəsini daşımaq imkanına malik olacaq.

Makronun səfəri “Naval Group” şirkətinin İndredə yerləşən
istehsal sahəsində baş tutacaq. Məhz burada gələcək aviadaşıyıcının
iki nüvə reaktoru istehsal ediləcək.




Gəminin əsas montajı “Chantiers de l’Atlantique” tərsanəsində,
Nant yaxınlığındakı Saint-Nazaire şəhərində həyata keçiriləcək.

Yelisey Sarayının məlumatına görə, layihədə ölkə üzrə 800-dən
çox şirkət iştirak edir və onların əhəmiyyətli hissəsi kiçik və
orta müəssisələrdir. Hakimiyyət bu proqramın həm də yüksək
texnologiyalar sahəsində innovasiya və elmi-tədqiqatların
inkişafına töhfə verdiyini bildirir.

Hazırda Yaxın Şərqdəki müharibə fonunda Aralıq dənizinin
şərqində yerləşdirilən “Charles de Gaulle” kimi yeni aviadaşıyıcı
da nüvə enerjisi ilə işləyəcək.

Planlara əsasən, yeni nəsil fransız aviadaşıyıcısının 2038-ci
ildə Fransa donanmasının xidmətinə daxil olması nəzərdə tutulur. Bu
gəmi ölkənin sularda hərbi mövcudluğunu və strateji təsir
imkanlarını uzunmüddətli perspektivdə qorumağa xidmət edəcək.