İnsan haqları, təhlükəsizlik və idarəetmə sahələrində əməkdaşlıq davam etdirilməlidir – Aİ-nin xüsusi nümayəndəsi

Baş səhifə

Bakı. Trend:

Mənim işlədiyim region pis xəbərlərin çox olmadığı bir ərazidir.
Bu da onu göstərir ki, sıx əməkdaşlıq real faydalar gətirir və
birlikdə işləməyin əhəmiyyətini vurğulayır.

Trend xəbər
verir ki, bunu bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində
keçirilən Xüsusi Sesiyada Avropa İttifaqının Mərkəzi Asiya üzrə
xüsusi nümayəndəsi Eduards Stiprais çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qonşuluqda fərqli ölkələr mövcuddur və hər
birinin özünəməxsus çağırışları var:

“İqtisadi rəqabət, bazarda dominantlıq, təhlükəsizlik və s.
məsələlər qarşıda duran xarici çagırışlardır. Dəyişən dünyada
ayaqda qalmaq üçün bu ölkələr bir-birinin yanında olmalıdır.

Daxili çağırışlara cavab vermək məqsədilə təcrübə mübadiləsi
dəyər yaradır və faydalıdır. İqlim məsələsi xüsusilə ciddi
problemdir; su problemləri Mərkəzi Asiya üçün əsas çağırışdır.
Ölkələr ayaqda qalmaq üçün suyun effektiv və rasional istifadəsi və
ədalətli paylanması ilə məşğul olmalıdır.




Gənclər arasında radikal İslamın yayılmasına qarşı cəmiyyətlər
mübarizə aparmalıdır. Burada ortaq yanaşmalar olmaya bilər, amma
müştərək yanaşmalar mümkündür. Mərkəzi Asiyada buna böyük ehtiyac
var”.

O qeyd edib ki, Azərbaycan kimi Mərkəzi Asiya ölkələri
təhlükəsizlik arxitekturamıza daxildir və bu sahədə əməkdaşlığı
davam etdirməliyik.

“İnsan haqları, təhlükəsizlik və idarəçilik sahələrində yaxın
dəyərlər üzərində işləyə bilərik. Sabitlik, təhlükəsizlik və
regionun rifahı bizim üçün vacibdir.

Maraqlarımızı iqtisadi əməkdaşlığa yönəldirik. Eyni zamanda,
Avropada miqrasiya məsələsi geniş vüsət alıb. Sirr deyil ki, biz
əlavə qaynar nöqtələrin yaranması və miqrant axınının artmasında
maraqlı deyilik. İstəyirik ki, tənzimlənmiş miqrasiya sistemi
təşkil edilsin. Mərkəzi Asiya dünyanın az yerlərindən biridir ki,
gənc və təhsilli əhali üstünlük təşkil edir”, – deyə xüsusi
nümayəndə əlavə edib.