BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti Azərbaycanın WUF13-ə yüksək hazırlıq səviyyəsini qeyd edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına
(WUF13) yüksək hazırlıq səviyyəsi nümayiş etdirib.

Trend xəbər verir
ki, bunu bu gün çıxış edən BMT-nin 73-cü Baş Assambleyasının
Prezidenti Mariya Fernanda Espinosa Bakıda WUF13-ə həsr olunmuş
brifinqdə bildirib.

“Mən Azərbaycanın qonaqpərvərliyinin, yüksək təşkilatçılıq
imkanlarının, eləcə də Bakının zəngin tarixə və mədəniyyətə malik
olmağının şəxsən şahidi oldum və buna görə də Ümumdünya Şəhərsalma
Forumunun uğurla keçiriləcəyinə əminəm”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumu kimi tədbirlər
yalnız güclü texniki hazırlıq deyil, ilk növbədə siyasi iradə və
liderlik tələb edir.

“Bu gün biz müxtəlif istiqamətlərin çox böyük miqyaslı bir
problemin həlli üçün birləşdiyini görürük. Söhbət elə bir
çağırışdan gedir ki, bu da hamımızdan siyasət, investisiya,
layihələndirmə və planlaşdırma sahələrində konkret qərarlar tələb
edir”, – deyə o qeyd edib.

Espinosa vurğulayıb ki, mənzil problemi miqyasına görə
beynəlxalq ictimaiyyət tərəfindən daha fəal addımların atılmasını
tələb edir.

“Biz deyəndə ki, 1,1 milyard insan gecəqondularda və qeyri-rəsmi
yaşayış məskənlərində yaşayır, 300 milyon insan isə evsizdir, bu o
deməkdir ki, siyasətin təkmilləşdirilməsi, investisiyaların
artırılması və daha məsuliyyətli siyasi qərarların qəbul edilməsi
istiqamətində daha fəal çalışmalıyıq”, – deyə o bildirib.