Son illər beynəlxalq arenada Azərbaycanın nüfuzu əhəmiyyətli dərəcədə artıb – BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Son illər ərzində Azərbaycanın beynəlxalq arenada nüfuzu
əhəmiyyətli dərəcədə artıb.

Bunu Birləşmiş Millətlər Təşkilatının 72-ci Baş Assambleyasının
sədri Miroslav Layçak “Keçid dövründə olan dünyada fikir
ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı
Forumu çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, forum böyük təcrübə və biliyə malik
görkəmli siyasətçiləri və ictimai xadimləri bir araya gətirir.

“Buradakı müzakirələr məzmunlu və çox maraqlıdır”, – deyə o qeyd
edib.

Layçak vurğulayıb ki, forumun mühüm xüsusiyyətlərindən biri
müxtəlif ölkə və qitələri təmsil edən iştirakçıların qatılmasıdır
ki, bu da fərqli baxışların səsləndirilməsinə və həqiqi
müzakirələrin aparılmasına imkan yaradır.

“Bu, qapalı “əks-səda kamerası” deyil, fikir mübadiləsinin real
şəkildə aparıldığı bir platformadır. Bundan əlavə, tədbirin
təşkilatı da qüsursuz səviyyədədir”, – deyə o bildirib.

Azərbaycan və Birləşmiş Millət Təşkilatı arasındakı əməkdaşlığı
şərh edən diplomat ölkənin beynəlxalq arenada böyük hörmət sahibi
olduğunu diqqətə çatdırıb.

“Azərbaycan çox hörmət edilən bir ölkədir və hər bir beynəlxalq
təşkilat, eləcə də dövlətlər onunla yaxşı münasibətlər saxlamağa
çalışır”, – deyə Layçak bildirib.

Onun sözlərinə görə, Azərbaycan həmçinin BMT sistemində
konstruktiv rol oynayıb və son illərdə ölkənin nüfuzu, eləcə də ona
olan hörmət həm BMT-də, həm də ümumilikdə beynəlxalq arenada
əhəmiyyətli dərəcədə artıb.