Yaxın Şərqdə baş verən müharibə qlobal neft bazarının tarixində ən böyük təchizat pozuntusunu yaradır – BEA

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə baş verən müharibə qlobal neft bazarının tarixində
ən böyük təchizat pozuntusunu yaradır. Müharibədən əvvəl Hörmüz
boğazından gündə təxminən 20 milyon barel xam neft və neft məhsulu
daşındığı halda, hazırda bu axın, demək olar ki dayanıb.

Trend xəbər
verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA)
hesabatında bildirilib.

Qeyd edilib ki, bu kritik su yolunu yan keçmək üçün alternativ
marşrutların məhdud olması və ehtiyat anbarlarının dolması
səbəbindən Fars körfəzi ölkələri ümumilikdə ən azı gündəlik 10
milyon barel neft hasilatını azaltmalı olub. Vurğulanıb ki, əgər
daşımalar tezliklə bərpa olunmasa, təchizat itkilərinin daha da
artacağı gözlənilir.




Agentliyin proqnozlarına görə, bu ilin mart ayında qlobal neft
təchizatının gündəlik 8 milyon barel azalacaq: “Yaxın Şərqdəki
istehsal məhdudiyyətləri qismən OPEC+ ölkələrindən kənar ölkələrin,
eləcə də ilin əvvəlində baş verən fasilələrdən sonra Qazaxıstan və
Rusiyanın hasilatı artırması ilə kompensasiya ediləcək. Münaqişənin
müddəti və tədarük zəncirindəki pozuntuların miqyasından asılı
olaraq vəziyyət dəyişə bilər. Bununla belə, hesablamalara görə
2026-cı ildə qlobal neft təchizatı orta hesabla gündəlik 1,1 milyon
barel artacaq və bu artımın tamamı qeyri-OPEC+ ölkələrinin payına
düşəcək”.

“Münaqişə qlobal neft məhsulları bazarına da ciddi təsir
göstərir, çünki Hörmüz boğazından ixrac axınları demək olar ki tam
dayanıb. 2025-ci ildə Fars körfəzi ölkələri gündəlik 3,3 milyon
barel emal olunmuş neft məhsulları və 1,5 milyon barel
mayeləşdirilmiş neft qazı (LPG) ixrac edirdilər. Regionda gündəlik
3 milyon bareldən çox emal gücü artıq hücumlar və ixrac
imkanlarının məhdudluğu səbəbindən fəaliyyətini dayandırıb. Digər
regionlarda emalın artırılması isə xammal çatışmazlığı səbəbindən
məhdud qalacaq”, – məlumatda qeyd edilib.

Hesabatda eyni zamanda bildirilib ki, Beynəlxalq Enerji
Agentliyi (BEA) üzv ölkələri 11 mart tarixində yekdilliklə qərara
gəldilər ki, Yaxın Şərqdəki müharibə nəticəsində yaranan təchizat
problemlərini aradan qaldırmaq üçün fövqəladə ehtiyatlardan bazara
400 milyon barel neft buraxılsın: “Yanvar ayında qlobal müşahidə
olunan neft ehtiyatları 8,21 milyard barel təşkil edib ki, bu da
2021-ci ilin fevralından bəri ən yüksək səviyyədir. Bu ehtiyatların
təxminən 50%-i əsasən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
(OECD) ölkələrində, 15%-i Çində, 25%-i dənizdə saxlanılan neftdə,
qalan hissəsi isə digər qeyri-OECD ölkələrindədir”.