Leyla Əliyeva və Arzu Əliyeva Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Martın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam
Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz
iqamətgahında iftar süfrəsi açıb.

Trend xəbər verir
ki, tədbirdə Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Azərbaycanda
fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak
ediblər.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının
oxunması ilə başlayıb.




Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür
Paşazadə Ramazan ayının əhəmiyyəti barədə danışıb, Azərbaycandakı
dövlət-din münasibətləri və dini tolerantlıq mühitini qeyd edib.
Bildirib ki, Azərbaycan dünyada İslam dəyərlərini, maraq və
mənafelərini müdafiə edən, İslam həmrəyliyinə mühüm töhfələr verən,
islamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən
dövlətdir.

Sonra Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların
rəhbərləri və digər qonaqlar çıxış ediblər. Çıxışlarda Azərbaycanın
beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi
istiqamətində atdığı addımlar yüksək qiymətləndirilib, ölkəmizin bu
sahədə nümunəvi model formalaşdırdığı vurğulanıb.