
Bakı. Trend:
Qırğızıstanın Yusif Balasaqunlu adına Qırğız Milli
Universitetinin rektoru Dogdurbek Çontoyevin rəhbərlik etdiyi
nümayəndə heyəti UNEC-də səfərdə olub.
UNEC-in rektoru, professor Ədalət Muradovla keçirilən görüşdə
hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın
genişləndirilməsi istiqamətləri müzakirə olunub. Qeyd edilib ki,
ötən ilin sonunda UNEC nümayəndə heyəti Qırğızıstanda səfərdə
olaraq Qırğız Milli Universitetində danışıqlar aparıb. Həmin səfər
zamanı əldə olunan razılaşmaların davamı olaraq Bakıda keçirilən
görüşdə konkret əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi
aparılıb.
Professor Ədalət Muradov UNEC-in təhsil imkanları, rəqəmsal
idarəetmə sistemi, beynəlxalq əlaqələri, ikili diplom və mübadilə
proqramları, eləcə də universitetin beynəlxalq reytinqlərdəki
mövqeyi barədə məlumat verib. Dogdurbek Çontoyev isə rəhbərlik
etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti haqqında danışaraq,
təhsil, elm və tədqiqat sahələrində birgə fəaliyyət
perspektivlərinə toxunub.
Müzakirələrin nəticəsi olaraq UNEC və Qırğız Milli Universiteti
arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda tələbə və
müəllim mübadiləsi, birgə konfransların təşkili, elmi-tədqiqat
layihələrinin hazırlanması və beynəlxalq sertifikat proqramlarının
həyata keçirilməsi nəzərdə tutulub.
Görüşdə, həmçinin, hər iki universitet arasında magistratura
pilləsi üzrə maliyyə və menecment ixtisaslarını əhatə edən ikili
diplom proqramına dair müqavilə imzalanıb. Razılaşmaya əsasən,
tələbələr təhsillərinin bir ilini tərəfdaş universitetdə davam
etdirəcək və proqramı uğurla başa vurduqdan sonra hər iki ali
təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.
İmzalanma mərasimindən sonra qonaqlar üçün UNEC-də infotur
təşkil olunub. Nümayəndə heyəti universitetin müxtəlif struktur
bölmələri ilə tanış olub.
Sonra Qırğız Milli Universitetinin rektoru Dogdurbek Çontoyev
UNEC tələbələri ilə görüşərək dayanıqlı inkişaf mövzusunda mühazirə
ilə çıxış edib.

