Bakı. Trend:
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) 2025-ci ilin müşahidə
olunan ən isti üç ildən biri olduğunu təsdiqləyib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın isti hava
hadisələrinə dair açıqladığı yeni hesabatda bildirilib.
Hesabatda qeyd olunub ki, son 11 il müşahidələr tarixində ən
isti 11 il olub, okeanların isinməsi isə sürətlə davam edir.
ÜMT-nin 8 fərqli məlumat bazasının birgə təhlilinə əsasən,
qlobal orta səth temperaturu sənayeöncəsi dövrlə (1850–1900)
müqayisədə təxminən 1,44°C yüksək olub. Məlumat bazalarından ikisi
2025-ci ili son 176 ilin ikinci ən isti ili, altısı isə üçüncü ən
isti il kimi qiymətləndirib.
Hesabatda vurğulanır ki, 2023–2025-ci illər bütün 8 məlumat
bazasına görə tarixdə ən isti üç il olub. Bu dövr üzrə orta
temperatur sənayeöncəsi səviyyədən 1,48°C yüksəkdir.
Sənəddə okean temperaturunun da 2025-ci ildə rekord həddə
çatdığı qeyd olunaraq, bunun iqlim sistemində uzunmüddətli istilik
yığılmasını əks etdirdiyi vurğulanıb. Qlobal istiləşmə nəticəsində
yaranan artıq istiliyin təxminən 90 faizi okeanlarda toplanır ki,
bu da okean temperaturunu iqlim dəyişikliyinin əsas
göstəricilərindən birinə çevirir.

