UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin III Ümumrespublika elmi məqalə müsabiqəsinin qalibləri açıqlanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən keçirilən
“Azərbaycanın dövlət suverenliyinin gücləndirilməsində Qarabağın
dirçəldilməsinin strateji aspektləri” mövzusunda III Ümumrespublika
elmi məqalə müsabiqəsinin nəticələri elan olunub.

UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili
şöbəsinin təşkilatçılığı, “SOCAR POLYMER” MMC-nin dəstəyi ilə
keçirilən tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin
UNEC-dəki büstünü və şəhidlərin Memorial-Xatirə Kompleksini ziyarət
edərək, önünə gül dəstələri düzüblər, əziz xatirələrini ehtiramla
yad ediblər.

Tədbirin açılışında çıxış edən UNEC-in elm və innovasiyalar üzrə
prorektoru, professor Rövnəq Rzayev müsabiqənin “Konstitusiya və
Suverenlik İli” çərçivəsində keçirildiyini və mövzunun Qarabağın
dirçəldilməsinə həsr olunmasının xüsusi əhəmiyyət daşıdığını
bildirib. O, müsabiqəyə ölkənin müxtəlif ali təhsil və
elmi-tədqiqat müəssisələrindən 200-ə yaxın elmi məqalənin təqdim
edildiyini qeyd edib.




UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor
Şəfa Əliyev müsabiqəyə marağın əvvəlki illərlə müqayisədə iki dəfə
artdığını bildirərək, gənclərin bu sahədə fəallığını yüksək
qiymətləndirib. O, müsabiqədə Qarabağın dirçəldilməsinin strateji
əhəmiyyəti, Qarabağ iqtisadi rayonunun inkişafında regional
əməkdaşlıq, Şuşada mədəniyyət və turizm iqtisadiyyatının
prioritetləri, nəqliyyat layihələrinin iqtisadi təhlükəsizliyə
təsiri və Xankəndi şəhərinin iqtisadi inkişaf modellərinin əsas
tədqiqat istiqamətləri kimi müəyyənləşdirildiyini diqqətı
çatdırıb.

“SOCAR Polymer” MMC-nin maliyyə direktoru Müşfiq Hacıyev
qalibləri təbrik edərək, seçilən elmi tədqiqatların Qarabağın
dirçəldilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili
şöbəsinin müdiri Rəna Hüseynovanın moderatorluğu ilə keçirilən
tədbirin sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Professor-müəllim heyəti, doktorant, magistr və tələbələr üzrə iki
nominasiyada ilk üç yeri tutan qaliblərə pul mükafatları təqdim
edilib, digər iştirakçılar sertifikatlarla, fərqlənən əməkdaşlar
isə “Təşəkkürnamə”lərlə təltif olunub.