Ekvadorda naməlum şəxslər bir ailənin dörd üzvünü öldürdükdən sonra evlərini yandırıblar

Baş səhifə
Ekvadorda naməlum şəxslər bir ailənin dörd üzvünü öldürdükdən sonra evlərini yandırıblar

Ekvadorun cənub-qərbindəki Maçala şəhərində baş vermiş atışma nəticəsində bir ailənin dörd üzvü öldürülüb.

“Report” bu barədə yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, hücum edənlər özlərini polis kimi təqdim edərək evə daxil olub, dörd nəfəri güllələyib, daha sonra isə binanı yandırıblar. Həlak olanlar 13 yaşlı qız, 17 yaşlı gənc, 40 yaşlı qadın və 41 yaşlı kişidir. İddia olunur ki, ailənin cinayətkar qruplaşmalarla əlaqəsi olub.

Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, hücum edənlərin əsas hədəfi başqa bir qadın olub, o, hamamda gizlənərək sağ qalmağı bacarıb. Polis hadisə ilə bağlı araşdırma aparır.

Ekvadorun cənubunda, Peru sərhədi yaxınlığındakı El-Oro əyalətində yerləşən Maçala şəhərində mütəşəkkil cinayətkarlığın artması fonunda fövqəladə vəziyyət rejimi qüvvədə qalır.