Uğurlu dövlət siyasəti dünya azərbaycanlılarının milli həmrəyliyini daha da gücləndirib

Baş səhifə

Bakı. Trend:

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Xalqımızın
Ulu Öndəri Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə 31 dekabrın
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ən yeni
tariximizin mühüm siyasi hadisələrindən biridir. Artıq 34 ildir ki,
bu milli bayram günü bütün xalqımız, dünyanın harasında
yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı tərəfindən böyük
coşqu ilə qarşılanır.

Azərbaycanlılar obyektiv və subyektiv səbəblərdən doğma yurddan
uzaq düşsələr də, heç vaxt öz milli kimliklərini və dəyərlərini
itirməyiblər, yaşadıqları bütün dövlətlərdə xalqımızın adını hər
zaman uca tutublar. Eyni zamanda, hələ sovet imperiyasının
sərhədləri bağlı saxladığı dövrdə dünyanın müxtəlif yerlərində
yaşayan azərbaycanlılar daim milli həmrəylik nümayiş etdiriblər. Bu
məqsədlə müxtəlif cəmiyyətlər, dərnəklər yaradaraq,
təşkilatlanıblar və ana vətənlə əlaqələr qurmağa çalışıblar.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra
yaranan reallıqlar şəraitində dünya azərbaycanlılarının milli
həmrəyliyinin gücləndirilməsi yeni tarixi çağırış olaraq meydana
çıxıb və bu milli vəzifənin siyasi-ideoloji müəllifi xalqımızın Ulu
Öndəri Heydər Əliyev olub. 1991-ci il dekabrın 16-da Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə
keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik
bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis
bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə
parlamentinə – Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də
Azərbaycan Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq,
dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan
olunması barədə qanun qəbul edib.

Beləliklə, dünya azərbaycanlılarının həmrəyliyi, onların
təşkilatlanması prosesini hələ Naxçıvandakı siyasi fəaliyyəti
zamanı xüsusi diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev
həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji
həmrəyliyinə müvəffəq oldu. Qədim və zəngin tarixə malik olan
xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən,
onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli
mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün
inam və ümid anıdır. Həmrəylik günü həm də Azərbaycana məhəbbət,
milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini
özündə təcəssüm etdirir.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqımızın istək və arzusu
siyasi hakimiyyətə qayıdışı həm də xalqımızın həmrəyliyinin
təntənəsi oldu. Heydər Əliyevin başlatdığı yeni siyasi kursun
nəticəsi kimi azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə
çevrildi. O cümlədən Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində
məskunlaşmış soydaşlarımız üçün iftixar, mənəvi dayaq və güvənc
yeri oldu. Heydər Əliyev eyni zamanda dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılarla aparılan işin gücləndirilməsinə də xüsusi
diqqət yetirirdi. Ulu Öndər xarici ölkələrə etdiyi səfərlər zamanı
Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirər, onların
problem və qayğıları ilə yaxından maraqlanar, daha sıx
təşkilatlanmalarına dair dəyərli tövsiyələr verirdi.

2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən dünya
azərbaycanlılarının birinci qurultayı müxtəlif ölkələrdəki
azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının
artmasına, onların ana vətənlə əlaqələrinin gücləndirilməsinə böyük
təsir göstərdi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin
2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla
əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin yaradılması, həmin ilin dekabrında “Xaricdə yaşayan
azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul
edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması
prosesini daha da gücləndirdi.

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin
genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirən
cənab Prezident İlham Əliyev bu sahədə Heydər Əliyev tərəfindən
müəyyən edilən siyasi kursu uğurla davam etdirərək, mövcud
sosial-iqtisadi inkişaf şəraitində dövrlə səsləşən genişmiqyaslı
tədbirlər həyata keçirir.

Prezident İlham Əliyevin sərəncamları ilə 2006, 2011 və 2016-cı
illərdə Dünya Azərbaycanlılarının II, III və IV qurultaylarının
keçirilməsi diaspor quruculuğu işinə və milli həmrəyliyimizin
möhkəmlənməsinə yeni təkan verdi. Bu dövrdə xaricdə yaşayan
azərbaycanlıların təşkilatlanması, doğma Vətənimizlə bağlı
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi
dəyərlərimizin qorunması, həmvətənlərimizin hüquq və azadlıqlarının
müdafiəsi, mədəni irsimizin təbliği sahəsində mühüm işlər
görülüb.

Habelə cənab Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr
tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş
üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət
Komitəsinin yaradılıb. Aparılan məqsədyönlü işlər nəticəsində bu
gün 51 ölkəni əhatə edən və 561 diaspor təşkilatını özündə
birləşdirən 15 Koordinasiya Şurası (Alyansı), 20 ölkədə 31
Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrdə
yeni icma və birliklərinin təsis edilməsi çağdaş diaspor quruculuğu
işinin uğuru kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının
maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca
vəzifəsi hesab edir. Təsadüfi deyil ki, xaricdə dara düşən hər bir
azərbaycanlı ən böyük dayağı kimi Prezident İlham Əliyevi və
Azərbaycan dövlətini görür. Cənab Prezidentin bu istiqamətdə ortaya
qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan
soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya
və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə
verir.

5 il əvvəl Vətən müharibəsindəki qələbə həm də dünya
azərbaycanlılarının həmrəyliyinin daha da güclənməsi baxımından
böyük hadisə oldu. Məlum olduğu kimi Vətən müharibəsi günlərində
Azərbaycan vətəndaşları Müzəffər Ali Baş Komandanın ətrafında sıx
səfərbərlik nümayiş etdirdilər. Bu savaşda xalqımız milli və siyasi
həmrəylik nümunəsi ortaya qoydu. Eyni zamanda müharibə günlərində
xarici ölkələrdə yaşayan bütün soydaşlarımızın qəlbi Vətənlə
döyündü. Onlar bu savaşda Azərbaycanın ədalətli mövqeyinin dünya
birliyinə çatdırılması, erməni yalanlarının qarşısının alınması
üçün əzmkarlıq göstərdilər, genişmiqyaslı tədbirlər həyata
keçirdilər.

“Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan
soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli
təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar
xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur” – deyə İlham Əliyev
bildirib.

2022-ci ildə keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı
tarixə həm də Zəfər Qurultayı kimi düşdü. Çünki bu qurultay ilk
dəfə olaraq işğaldan azad olunmuş Qarabağ torpaqlarında – Şuşa
şəhərində keçirildi. Bu baxımdan Dünya Azərbaycanlılarının V
Qurultayının ruhu və məzmunu da fərqli idi. Əvvəlki qurultaylarda
torpaqlarımızın işğaldan mütləq azad olunacağını bəyan edən
Prezident İlham Əliyev bu dəfə dünya azərbaycanlılarını Müzəffər
Ali Baş Komandan kimi salamladı.

Bütövlükdə, uğurlu dövlət siyasəti dünya azərbaycanlılarının
milli həmrəyliyini daha da gücləndirib. Torpaqlarımızın işğaldan
azad olunması isə bütün dünya azərbaycanlılarının qürur mənbəyinə
çevrilməklə, millihəmrəyliyimizə böyük töhfələr verdi. Qalib xalqın
nümayəndəsi olmaq dünyanın harasında yaşamasından asılı olmayaraq,
hər bir azərbaycanlı üçün böyük fəxarətdir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı