Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılış mərasimində iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dekabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu
Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə
xeyriyyə Fondunun Avaza filialının açılışı olub.

Trend xəbər verir
ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı
olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə
vitse-prezidenti Oğulcahan Atabayeva iştirak ediblər.

Tədbirdə çıxış edən Oğulcahan Atabayeva Qurbanqulu
Berdiməhəmmədovun təşəbbüsü ilə yaradılan Fondun irimiqyaslı və
səmərəli iş apardığını diqqətə çatdırıb. “Fondun yaradılması hər
bir vətəndaşa xeyriyyəçilik fəaliyyətində iştirak etməyə şərait
yaratdı. Onun köməyi ilə yüzlərlə çətin tibbi əməliyyatlar olunub
və bir sıra tibb müəssisələri müasir avadanlıqlarla təmin edilib”,
– deyə o bildirib.




Uşaqlara qayğının dövlət siyasətinin prioritet məsələlərdən biri
olduğunu deyən Oğulcahan Atabayeva filialda uşaqlara
yüksəkkeyfiyyətli tibbi yardım xidmətindən əlavə, həmçinin onların
istirahəti və reabilitasiyası üçün də şərait yaradıldığını diqqətə
çatdırıb. Oğulcahan Atabayeva Birləşmiş Millətlər Təşkilatının
səylərinə, xüsusən də dünyada uşaqların həyat tərzinin
yaxşılaşdırılmasına yönəlmiş Davamlı İnkişaf Məqsədlərinə bundan
sonra da fəal dəstək olacaqlarını bildirib.

Qeyd edək ki, Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan
uşaqlara yardım üzrə xeyriyyə Fondu 2021-ci ildə yaradılıb. Qurumun
əsas məqsədi gənc nəslə dəstək olmaq, onların yaşayışı üçün münbit
şərait yaratmaq, qayğıya ehtiyacı olan uşaqların sağlamlığının
bərpasına kömək etməkdir. Bu günə qədər Fondun vəsaiti hesabına
Türkmənistanda və digər ölkələrdə bir çox xeyriyyə və humanitar
layihələr həyata keçirilib. Fondun humanizm, ədalət və xoşməramlı
prinsiplərə söykənən fəaliyyəti, həmçinin dövlət tərəfindən
dəstəklənir. Fond humanitar missiyasını beynəlxalq səviyyədə də
həyata keçirir. BMT-nin Uşaq Fondu UNICEF ilə əməkdaşlıq edən
Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə
xeyriyyə Fondu tərəfindən bu günə qədər Türkiyə, Ukrayna, Rusiya,
Əfqanıstan, Tacikistan və Fələstində fövqəladə və təbii
fəlakətlərdən zərər çəkmiş uşaqlara humanitar yardımlar da
göndərilib.