Aqroparkların operatorunun müsabiqə əsasında seçilməsi üçün komissiya yaradılacaq

Baş səhifə

Bakı. Trend:

“Aqroparkın operatorunun müsabiqə əsasında seçilməsi Qaydası”
təsdiq edilib.

Trend-in
məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun
Məmmədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qayda aqroparkın operatorunun (bundan sonra –
operator) müsabiqə əsasında seçilməsi qaydasını müəyyən edəcək.

Müsabiqənin təşkilinin məqsədi aqroparkın daha səmərəli idarə
olunmasını təmin etmək üçün aqroparkın hüdudlarında idarəetməni və
təsərrüfat fəaliyyətini həyata keçirəcək, aqroparkın fəaliyyətinə
görə cavabdehlik daşıyacaq, idarəetmə sahəsində təcrübəyə malik
hüquqi şəxsin seçilməsindən ibarətdir.

Müsabiqənin predmetini müsabiqənin qalibi ilə aqroparkın daha
səmərəli idarə olunmasını təmin etmək üçün idarəetmə sazişinin
bağlanması təşkil edir.




Müsabiqənin təşkilatçısı qismində dövlət tərəfindən yaradılan
aqroparka (Yevlax Pilot Aqropark istisna olmaqla) münasibətdə Kənd
Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar Mərkəzi”
publik hüquqi şəxsi, Yevlax Pilot Aqroparka münasibətdə
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı
Agentliyi (bundan sonra – idarəedici təşkilat), özəl aqroparka
münasibətdə isə onun rezidenti (rezidentləri) çıxış edəcək.
Müsabiqənin keçirilməsi üçün idarəedici təşkilat və ya rezident
(rezidentlər) müsabiqə komissiyasını (bundan sonra – komissiya)
təşkil edəcək. Komissiya hər bir müsabiqə üçün ayrıca yaradılacaq
və müsabiqənin qalibi ilə idarəetmə sazişi bağlananadək fəaliyyət
göstərəcək.

Komissiya üzvlərinin ümumi sayı təkrəqəmli və ən azı
5 nəfərdən ibarət olmalıdır. Komissiyanın sədri və
katibi komissiya yaradılarkən dövlət tərəfindən yaradılan aqroparka
münasibətdə idarəedici təşkilatın, özəl aqroparka münasibətdə isə
onun rezidentinin (rezidentlərinin) nümayəndələrindən təyin
olunacaq. Müsabiqənin təşkilatçısı komissiyanın tərkibinə digər
qurumların nümayəndələrini və ekspertləri cəlb etmək hüququna
malikdir.

Müsabiqənin elan edilməsi ilə başlayan və qalibi ilə təşkilatçı
arasında idarəetmə sazişinin imzalanması ilə başa çatan müsabiqə
prosesi 90 iş günündən artıq davam
etməməlidir.

Məlumat üçün bildirək ki, qərar sentyabrın 26-da qəbul
edilib, noyabrın 20-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilib, noyabrın 21-də qüvvəyə minib.