Zəfər xronikası. 5 noyabr 2020-ci il: Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

2020-ci noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi
dərc edilib.

Trend
müsahibəni təqdim edir:

– Sabahınız xeyir, cənab Prezident. Bizimlə söhbət
etmək, bizə müsahibə vermək üçün vaxt ayırdığınıza görə təşəkkür
edirik.

– Bu imkana görə təşəkkür edirəm.

– Hazırda Dağlıq Qarabağdakı müharibənin altıncı həftəsi
başlayır. Cəbhədə hazırda vəziyyət necədir?

– Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir.
Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş
meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il
işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan
Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu
göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın
ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT
Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim
ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan
tərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayan
qətnamələrini icra edirik.

– Siz işğal olunmuş 7 rayonun – 5 üstəgəl 2 azad
edilməsini istəyirsiniz. Siz onlardan artıq neçəsini azad
etmisiniz?

– Faktiki olaraq, işğal olunmuş rayonlardan 5-dən 4-ü artıq ya
tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan
digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik.
Qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini
icra edirik və yeri gəlmişkən, biz artıq əsas prinsiplərin bir
hissəsini yerinə yetirmişik. Çünki ATƏT-in Minsk qrupu tərəfindən
təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanın
işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslar
olsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi, ona görə
də biz onları bunu etməyə məcbur etməli olduq.

– Hər iki tərəf artıq 3 humanitar atəşkəslə bağlı
razılığa gəlib. Lakin onlar heç bir neçə dəqiqə də belə çəkməyib.
Nəyə görə müharibəni üç dəfə durdurmaq və danışıqlara başlamaq
mümkün olmamışdır?

– Düşünürəm, bu atəşkəslərin işləməməsinin səbəblərindən biri
ondan ibarət idi ki, Ermənistan artıq bizim tərəfimizdən azad
edilmiş əraziləri geri almağa cəhd göstərirdi. Başqa sözlə, onları
yenidən işğal etmək istədilər. Ona görə də onlar sizin doğru olaraq
qeyd etdiyiniz kimi, humanitar məqsədlərlə elan olunmuş bu
atəşkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün
istifadə etmək istədilər. Onlar bunu edə bilməyəndə, Ermənistan
ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik
raketlə hücum etdilər. Onlar bunu iki dəfə etdilər. Lakin birinci
dəfə oktyabrın 10-da, atəşkəs elan olunandan dərhal sonra etdilər
və bunun nəticəsində 10 mülki şəxs həlak oldu, onlarla adam
yaralandı. Beləliklə, onlar birinci atəşkəsi kobud şəkildə
pozdular. İkinci atəşkəs də elan olunan vaxtdan təxminən 5 dəqiqə
sonra onlar tərəfindən pozuldu və üçüncü atəşkəsi onlar dinc şəhər
olan Bərdəyə hücum etməklə pozdular. Orada 21 nəfər mülki şəxs
qətlə yetirildi, 70 nəfər yaralandı. Beləliklə, hər 3 dəfə bu,
Ermənistanın bizə qarşı məqsədli şəkildə təcavüzkar hücumu idi və
biz cavab verməli və özümüzü müdafiə etməli olduq.

– Siz dediniz ki, Ermənistan qoşunlarının çıxarılması
ilə bağlı konkret təqvim istəyirsiniz. Ermənistan dedi ki,
kompromisə hazırdır, ancaq təslim olmağa, həmin əraziləri təslim
etməyə yox. Siz də kompromisə hazırsınız? Bu kompromis necə
olacaq?

– İlk növbədə, bizim mövqeyimiz demək olar ki, bu 40 gün ərzində
artıq dəfələrlə bəyan edilib. Mən dəfələrlə demişəm ki, bizim
vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, bir milyon
azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına,
onların əsrlərboyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan
sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında
sülh şəraitində birgəyaşayışı təmin etməkdir. Bizim mövqeyimiz
sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq
ictimaiyyət tərəfindən dəstəklənir. Beləliklə, bu, çox
açıq-aşkardır. Ermənistan kompromisdən danışanda konkret heç nə
demir. Onlar yalnız öz müqəddəratını təyinetmədən danışırlar, amma
öz müqəddəratını təyinetmə onlar tərəfdən kompromis deyil. Onlar öz
mövqelərində daha dəqiq olmalıdırlar, çünki hazırda o, çox
qeyri-müəyyəndir. Ona görə də biz Ermənistan qoşunlarının işğal
olunmuş ərazilərdən çıxması üçün vaxt cədvəli tələb etdik və biz
bunu toqquşmaların ilk günündən tələb etdik. Beləliklə, əgər
Ermənistan bizə qulaq assaydı və məntiqlə davransaydı, bu gün biz
hazırda qarşılaşdığımız vəziyyətdə olmazdıq. Müharibə bəlkə də bir
ay əvvəl bitərdi. Ona görə də Ermənistan tərəfdən kompromis çox
dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir
hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizə
təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən bəyan
etməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlar
həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən bu
yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi
ərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olan
halda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bu
prinsipləri işləyib hazırlamış Minsk qrupunun həmsədrlərinə faktiki
olaraq hörmətsizlik nümayiş etdirirlər və faktiki olaraq daha çox
eskalasiyaya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın baş
nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini
boşaldacaqlarını açıq şəkildə deməyini gözləyirik.

– Əgər belə olmasa, Sizin üçün yalnız hərbi variant
mövcuddur?

– Başqa yol qalmır, bilirsiniz, başqa variant yoxdur. Biz hərbi
əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və
bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən
özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir
bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal. Mən sözünə
əməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir. O, vaxt
qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs
istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad
etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək
istəyir. Onun niyyəti bundan ibarətdir.

– Siz hazırda cənab Paşinyanla bir masa arxasında
oturmağa hazırsınız, yoxsa bunun bir mənası yoxdur?

– Xeyr, bunun qətiyyən heç bir mənası yoxdur. Son iki il ərzində
mənim onunla çoxsaylı görüşlərim olub, lakin onların hamısı
tamamilə səmərəsiz və mənasız olub, ilk görüşlər istisna olmaqla.
O, mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dan
sonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi
cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri
yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq. Bu,
onun Ermənistanda rəhbərliyinin ilk aylarında mənə söylədikləri
idi. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dedi
ki, Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur. Dedi
ki, “Qarabağ Ermənistandır”. Dedi ki, Azərbaycan Dağlıq Qarabağdakı
qondarma qurumun dırnaqarası “rəhbərliyi” ilə danışıqlar
aparmalıdır. Beləliklə, o, danışıqlar prosesini pozmaq üçün hər
şeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir məna
görmürəm. Bu yaxınlarda bizim xarici işlər nazirlərimiz Cenevrədə
görüşüblər və mən düşünürəm ki, hazırda bu, təmaslar üçün doğru
formatdır.

– Siz dediniz ki, demək olar 30 il ərzində Minsk qrupu
işğal edilmiş ərazilərin qaytarılması üçün heç nə etməmişdir və ya
bu istiqamətdə heç bir irəliləyişə nail olmamışdır. Hazırda ABŞ,
Rusiya və Fransadan gözləntiniz nədir?

– Bəli, siz haqlısınız. Mən demişəm ki, Minsk qrupu heç bir
nəticə əldə etməyib. Lakin mən, eyni zamanda, demişəm ki, onların
fəaliyyətinə tamamilə göz yuma və onları yalnız tənqid edə
bilmərəm. Çünki hazırda masada olan əsas prinsiplər Minsk qrupunun
köməyi ilə işlənib hazırlanmış prinsiplərdir. Beləliklə, onlar
işlədilər, çalışdılar. Lakin onlar əraziləri boşaltması ilə bağlı
Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən
istifadə etmədilər. Bu ölkələrdən hər birinin birtərəfli qaydada
Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri var, istər
hərbi dəstək olsun, istər siyasi dəstək, iqtisadi dəstək, diaspor
dəstəyi və s. Lakin onlar əllərində olan bu alətlərdən istifadə
etmədilər, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq
özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının
qətnamələrinin icrasında israr etmədilər. Ona görə də nəticənin
olmaması faktı, əlbəttə ki, onların bacarmadığından çox
istəmədiyini nümayiş etdirir. Əgər onlar bacarmadılarsa, kim
bacarar? BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü kiçik,
yoxsullaşmış, asılı Ermənistana təsir edə bilmir? Onlar, sadəcə
olaraq, istəmədilər. Onlar vəziyyətin sabit olmasını istəyirdilər,
bu, doğrudur. Onlar sülh ssenarisini istəyirdilər. Lakin onlar
görəndə ki, demək olar 30 ildir sülh ssenarisi yoxdur və
Ermənistanın yeni hökuməti bəyanatlar və əməllərlə prosesi faktiki
olaraq məhv edir, düşünürəm ki, onlar hərəkətə keçməli idilər. Mən
dəfələrlə onların liderləri, yüksək rütbəli rəsmiləri ilə danışaraq
çağırış etmişəm ki, Ermənistana təzyiq göstərin, sanksiya tətbiq
edin. Əgər sanksiya tətbiq etmək istəmirsinizsə, ən azı bunu dilə
gətirin, elan edin ki, sanksiyalar tətbiq olunacaq, əks halda, bu
təcavüzkara təzyiq göstərmək üçün başqa heç bir mexanizm olmayacaq.
Beləliklə, düşünürəm, bu gün onlar dərk ediblər ki, uzun illər
“münaqişənin hərbi həlli yoxdur” deməklə səhv ediblər. Biz bu
reallığı dəyişdik. Hərbi həll yolu var. Lakin bizim bu gün
danışdığımız ondan ibarətdir ki, gəlin, hərbi həllin həmin
səhifəsini bağlayaq və siyasi həllə keçək. Beləliklə, hərbi-siyasi
həll üstünlük təşkil etməlidir. Əgər Ermənistanın baş naziri mənim
artıq ondan tələb etdiyimi desə, biz bu gün dayanmağa hazırıq. İndi
sülh prosesi artıq qismən yerinə yetirilmiş əsas prinsiplərin qalan
hissəsinin icrasına əsaslanmalıdır. Bizə Kəlbəcər, Laçın və Ağdamın
bir hissəsinin boşaldılması ilə bağlı dəqiq vaxt cədvəli lazımdır.
Bundan sonra düşünürəm ki, regiona sülh gələcək.

– Mən Sizdən “Amnesty International”ın faktiki olaraq
hər iki tərəfin kasetli bombalardan istifadə etməsinə dair
bəyanatları ilə bağlı soruşmaq istəyirəm. Siz də, rəsmi İrəvan da
qeyd edirsiniz ki, tərəflər mülki əhaliyə qarşı fosfor tərkibli
sursatdan istifadə edir. Siz beynəlxalq konvensiyalarla qadağan
edilən silahlardan istifadə edirsiniz?

– Biz qadağan olunmuş silahlardan istifadə etmirik. Bizim ərazi
bütövlüyümüzü bərpa etmək üçün kifayət qədər sursatımız var. Bu,
birincisi. İkincisi, biz mülki şəxslərə hücum etmirik. Oktyabrın
10-dan sonra Dağlıq Qarabağdakı şəhərlərə hücum etmirik. Ondan
əvvəl, bəli, bunu qəbul edirik. Lakin bu, ona görə oldu ki,
Ermənistan ordusunun hərbi hissələrinin və infrastrukturunun çoxu
Dağlıq Qarabağın dırnaqarası “paytaxtı” olan Xankəndidə
cəmləşmişdi. Ona görə də biz bunu etməli idik. Biz
təhlükəsizliyimizi təmin etmək və əməliyyatımızın daha səmərəli
olması üçün həmin mühüm hərbi obyektləri vurmalı idik. Lakin
humanitar atəşkəs elan olunandan sonra, – bunu dəfələrlə elan
etmişik, – biz heç vaxt insanların yaşadığı heç bir şəhəri və ya
kəndi vurmamışıq. Buna zidd olaraq ermənilər nə etdi. Onlar
Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar və bu,
sübuta yetirilib. Baxmayaraq ki, Ermənistanın baş naziri bunu
onların etmədiyini dedi. Lakin bu, gülüncdür. Çünki ballistik
raketin buraxılışı peyklər vasitəsilə müşahidə olunur. Hər kəs onun
haradan buraxıldığını və onun hədəfinin nə olduğunu bilir. Gəncədə
mülki şəxslərin yaşadığı əraziləri qəsdən iki dəfə vurdular. Onlar
Bərdəyə çox dağıdıcı “Smerç” raketləri ilə iki dəfə zərbə
endirdilər və yalnız bir hücum nəticəsində 21 insan öldürülmüş və
70 insan yaralanmışdır. Bir çox hücumlar olmuşdur. Onlar Tərtərdə
dəfn mərasiminə zərbə vurdular, bu, tamamilə insan davranışının
bütün normalarından kənar bir şeydir. İnsanlar dünyasını dəyişmiş
şəxsi dəfn edəndə onlar qəbiristanlığı vurdular və dörd nəfər qətlə
yetirildi. Onların kasetli bombalardan istifadə etmələri beynəlxalq
media və QHT-lər tərəfindən təsdiq olunmuşdur. Əminəm ki, bu barədə
ilk dəfə məlumat verən oranı ziyarət etmiş beynəlxalq media
olmuşdur. “Amnesty International” və “Human Rights Watch”
təşkilatlarının bu halları təsdiq etməkdən savayı başqa bir seçimi
yox idi. Lakin sual orasındadır ki, nə üçün onlar birinci növbədə
Azərbaycana gəlmədilər? Nə üçün onlar yalnız Ermənistan tərəfindən
işləyirdilər? Yalnız beynəlxalq media, Qərb mediası ermənilərin
istifadə etdiyi kasetli bombaları göstərdikdən sonra bu iki QHT
bunu təsdiq etdi. Onların bunu təsdiq etməsi yaxşı haldır, lakin
səmimi desəm, bunun açıq-aşkar olmasını nəzərə alaraq onların bu
məsələni necə təsdiq etməməsini də təsəvvürümə gətirə bilmirəm.

– Rusiya, Sergey Lavrov dünən dedi ki, Dağlıq Qarabağda
təqribən iki min muzdlu döyüşür. Bununla bağlı nə
deyərdiniz?

-Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab
vermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlara
ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan
ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız
dırnaqarası “informasiya”dan və şayiələrdən istifadə edirlər. Bu,
birincisi. İkincisi, bizdə heç bir muzdlu yoxdur. Mən bu haqda
dəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur. Bizim 100 min
döyüşçüdən ibarət ordumuz var, biz tam səfərbərlik elan etsək,
bundan bir neçə dəfə çox toplaya bilərik. Lakin biz Ermənistandan
fərqli olaraq bunu etmirik. Bizim tərəfimizdə hər hansı bir əcnəbi
döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Bu bir aydan
çox müddət ərzində bizə heç bir sübut, heç bir sənəd, heç bir dəlil
təqdim edilməmişdir. Yalnız bəyanatlar. Bəs, onda nə üçün onlar
Ermənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçə
muzdlunun döyüşdüyünü görmürlər? Nə üçün bizi ittiham etməyə
çalışan nə Rusiya, nə də Fransa bunun haqqında heç nə deməyib?
Bizdə artıq əcnəbi pasportları olan zərərsizləşdirilmiş insanların
siyahısı var. Amerikalı, fransalı, kanadalı, livanlı, iraqlı,
postsovet məkanı ölkələrindən, onlarla Gürcüstandandır. Bəli, onlar
o ölkələrdə yaşayan ermənilərdir, lakin bu, heç bir fərq etmir.
Əgər onlar başqa ölkələrin vətəndaşlarıdırsa, onların orada olması
qanunsuz hesab edilir. Bu vaxtadək bu məsələ barədə heç nə
deyilməmişdir, amma bizim sübutlarımız var. Bizim əlimizdə
pasportlar var. Bizim sübutumuz var, video var. Bunun haqqında heç
nə deyilməyib. Bu, bizim tərəfimizdən qəbul edilə bilməyən selektiv
bir yanaşmadır, bu, vasitəçilərin mandatına uyğun deyil. Mən
dəfələrlə demişəm, vasitəçilər bitərəf olmalıdırlar. Əgər onlar
tərəf tuturlarsa, bu, onların işidir, lakin onda vasitəçilikdən
çıxmalıdırlar. Hər bir ölkənin istənilən ölkəyə yaxşı və ya pis
münasibəti ola bilər. Biz müəyyən səbəblər üzündən bəzi ölkələr
tərəfindən ermənilərə qarşı xüsusi hisslərin olduğunu başa düşürük.
Bunu öz ölkələrinin adından deyirlərsə, biz buna etiraz etmirik.
Lakin əgər siz vasitəçisinizsə, xahiş edirəm, bitərəf olun və
ittihamlardan uzaq durun. Əgər biz bizi muzdlularla bağlı ittiham
edənləri dünyanın müxtəlif yerlərində nə etdikləri haqqında ittiham
etməyə başlasaq, bu, çox uzun bir məsələ olacaq. Biz bunu etmirik.
Buna görə biz tərəfdaşlarımızdan eynisini gözləyirik.

-Türkiyənin Sizə nəinki siyasi, eyni zamanda, hərbi
dəstək də göstərdiyini söyləyənlərə nə deyərdiniz?

-Mən deyərdim ki, bu növbəti təxribat, növbəti feyk xəbərdir.
Türkiyədən heç bir hərbi dəstək yoxdur. Biz Türkiyədən yalnız
müasir hərbi avadanlıq alırıq. Bu, həqiqətdir. Bu, dünyada
istənilən ordunun paxıllıq edə biləcəyi yeni müasir avadanlıqdır.
Türkiyənin hərbi sənaye kompleksi, həqiqətən də, möcüzələr
göstərir. Bu avadanlıq bizə döyüş meydanında çox kömək edir. Lakin
biz onu alırıq, biz müqavilələr imzalayırıq, hər şey şəffafdır, hər
şey qanunidir. Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç
kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır? Yalnız
Türkiyə. Çünki Türkiyə əfsuslar olsun ki, indi müxtəlif avropalı
siyasətçilərin hücumuna məruz qalır. Türkiyəni qaralamaq cəhdləri
var. Türkiyəni şantaj etmək, ona təzyiq göstərmək cəhdləri var. Bu,
tamamilə qəbuledilməzdir. Bizim əsas silahlarımız Rusiyadan gəlir.
Biz başqa ölkələrdən də silah alırıq. Yalnız Türkiyənin adı
hallanır. Bu, birincisi. İkincisi, Türkiyənin bizə hərbi dəstək
göstərdiyini həmişə deməyə davam edənlər nəyə görə vasitəçi, Minsk
qrupunun həmsədri olan Rusiyanın Ermənistana hərbi dəstək
göstərdiyini demirlər? Bizim əlimizdə sübutlar var, bu 40 gün
ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə
bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu
barədə danışmır? Gəlin, bunun haqqında danışaq, gəlin, ədalətli
olaq. Buna görə birincisi, bu, səhv məlumatdır. İkincisi, biz
Türkiyə hərbi avadanlığını alırıq və almağa davam edəcəyik.
Üçüncüsü, bu məsələ ilə bağlı heç bir ikili standart olmamalıdır.
Yeri gəlmişkən, Azərbaycana Türkiyə tərəfindən hərbi dəstək
göstərildiyini deyənlər, hesab edirəm, bu absurd ittihamlardan
çəkinməlidirlər.

-Açıq-aydındır ki, Türkiyənin regionda marağı var, necə
ki, Rusiyanın və İranın var. Ermənistan Rusiyaya öz
təhlükəsizliyinin təmin olunmasının mümkünlüyü barədə müraciət
etmişdir. Siz müharibənin beynəlmiləlləşdirilməsindən
qorxursunuz?

-Ermənistan lap əvvəldən elə bunu etmək istəyirdi və biz həmişə
buna qarşı idik. Mən dəfələrlə bütün ölkələrə demişəm, bu
münaqişədən uzaq durun. Bu, bizim məsələmizdir, bu, ərazi bütövlüyü
uğrunda bizim döyüşümüzdür. Münaqişəni beynəlmiləlləşdirmək üçün
heç bir cəhd olmamalıdır. Lakin Ermənistan bunun üçün hər şeyi
etdi. Ermənistanın baş nazirinin Rusiya Prezidentinə göndərdiyi
məktub təkcə onların öz məğlubiyyətini artıq qəbul etdiyini, bizim
döyüş meydanında onlara qalib gəldiyimizi göstərmir, eyni zamanda,
onu göstərir ki, onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər,
onlar Rusiyanı birbaşa müharibədə iştiraka sürükləmək istəyirlər,
bu da tamamilə qəbuledilməzdir. Mənim bildiyimə görə, bu, Rusiya
tərəfindən rədd edilmişdir və Rusiyanın xarici işlər naziri bununla
bağlı bəyanat vermişdir. Ola bilsin, bunu lap dəqiqliklə ifadə
etmirəm, lakin belə bir mesaj var idi ki, döyüş Azərbaycanın
ərazisində aparılır. Əgər Azərbaycan, əgər istənilən ölkə
Ermənistana hücum etsə, onda Rusiya öhdəliyini yerinə yetirməlidir.
Lakin döyüş bizim torpağımızda gedir. Hesab edirəm ki, bu cəhdlər
tamamilə faydasızdır. Rusiyanın mövqeyi xarici işlər naziri
tərəfindən ifadə olunmuşdur. İranın da mövqeyi ifadə edilmişdir.
Yəqin siz ölkələrin ərazi bütövlüyünün təminatına dair İranın
münaqişənin həll edilməsi ilə bağlı planını eşitmisiniz. Bu
yaxınlarda İranın Ali Rəhbəri Ermənistanın Azərbaycanın beynəlxalq
səviyyədə tanınan ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanat
vermişdir. Bu, iki qonşu ölkənin reaksiyasıdır. Türkiyənin mövqeyi
yaxşı bəllidir. Türkiyə həmişə beynəlxalq hüququ və BMT
Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyir. Həmçinin
Gürcüstan da dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləmişdir. Bu, bizim qonşuların mövqeyidir. Ermənistan təcrid
olunub. Onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlar
dəstək qazanmaq üçün bəzi feyk xəbərlərdən və tarixdən olan bəzi
feyk məlumatlardan istifadə etmək istəyirlər. Lakin Ermənistan üçün
ən yaxşı hərəkət öz məğlubiyyətini, bizim qələbəmizi qəbul etmək və
yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik
götürməkdən ibarətdir.

-Əgər onlar Dağlıq Qarabağın müstəqilliyini
tanıyarlarsa, Sizin buna reaksiyanız necə olardı?

-Bilirsiniz, onlar müstəqilliyi tanımaq istəsəydilər, uzun
müddət bundan öncə tanıyardılar. Nəyə görə əvvəl tanımadılar? Çünki
onlar aydın başa düşürdülər ki, bu, çox məntiqsiz addım nəticəsində
danışıqlar tamamilə dayanacaqdır. Odur ki, onlar bunu etsələr,
danışılası bir şey qalmayacaq. Sonra nə sülh təşəbbüsü, nə əsas
prinsiplər, nə də gələcək tənzimləmə, heç nə masa üzərində
olmayacaq. Hesab edirəm ki, onlar bunu başa düşürlər. Onlar həmişə
bundan bizi qorxutmaq üçün bir alət kimi istifadə etmək
istəyirdilər və deyirdilər Azərbaycan bunu etsə, biz müstəqilliyi
tanıyacağıq. Mən bu müharibə günlərində dəfələrlə demişəm və indi
də deyirəm, Ermənistanın baş naziri, bu gün Dağlıq Qarabağı tanı,
bunu et, cəsarətini göstər, sözünün bir məna daşıdığını göstər, bu
gün Dağlıq Qarabağı tanı. Yenə də siz görəcəksiniz ki, onlar bunu
etməyəcəklər. Çünki onlar qorxaqdırlar, onlar yalnız dinc
vətəndaşlara qarşı vuruşa bilirlər və onlar gücümüzü, birliyimizi
görüb qaçırlar.

-Siz indi regionun muxtariyyətini qəbul etməyə
hazırsınız?

-Bu, əsas prinsiplər üzərində gələcək danışıqların bir hissəsi
olmalıdır. Çünki əsas prinsiplərin birinci hissəsində işğal olunmuş
ərazilərdən – 5 üstəgəl 2 rayondan vaxt cədvəlinə müvafiq olaraq
qoşunların çıxarılması tələb olunurdu. Sonra təhlükəsizlik,
sülhməramlı əməliyyatlar, Dağlıq Qarabağın statusu kimi əsas
prinsiplərin başqa elementləri də var idi. Biz həmişə bunu müzakirə
etməyə çox açıq idik. Biz dəfələrlə onlara müxtəlif yolları təklif
etmişdik, lakin onlar bunları rədd etmişlər. Biz onlara Azərbaycan
daxilində muxtariyyət təklif etdik, biz onlara mədəni muxtariyyət
təklif etdik. Biz dedik ki, dünyada, Avropada, Skandinaviya, Alan
Adaları timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çox
başqa yerlərdə yaxşı nümunələr var. Lakin onlar hər şeyi rədd
etdilər. Onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilər
ki, biz bu müstəqilliyi tanıyaq. Bunu etməklə onlar, əslində, bizim
bunu heç vaxt etməyəcəyimizi bilərək münaqişəni dondurmaq üçün hər
şeyi edirdilər. Mən bilirəm, biz birincisi münaqişənin bu qaynar
fazasını bitirməliyik, danışıqlar masasına qayıtmalıyıq, Ermənistan
mənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir və sonra biz
gələcəkdə nə baş verəcək onun haqqında danışa bilərik. Bu məsələ
ilə bağlı indi heç nə deyə bilmərəm.

-Çox sağ olun, cənab Prezident. Mən bizə vaxt
ayırdığınız üçün Sizə minnətdarlığımı bildirirəm.

-Suallarınıza, Azərbaycana marağınıza görə çox sağ olun.