Bu ilin doqquz ayında 114 nəfərin topuq testi müayinəsi pozitiv çıxıb

Baş səhifə
Bu ilin doqquz ayında 114 nəfərin topuq testi müayinəsi pozitiv çıxıb

Bu ilin ilk 9 ayı ərzində Yeni Klinikada 847 min 644 topuq testi müayinəsi aparılıb, onlardan 114-nün cavabı pozitiv çıxıb.

Bu barədə “Report”a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müayinələrdən keçən yeni doğulanların sayı 169 min 529 olub.

Məlumat üçün bildirək ki, TƏBİB tabeli tibb müəssisələrində olan doğum şöbələrində topuq testi üçün götürülən nümunələr laborator müayinə üçün Yeni Klinikaya göndərilir. Burada olan xüsusi laboratoriyada “Guthrie kartları” adlandırılan xüsusi filtr kağızları üzərində 5 yerdə qeyd edilən qan nümunələrində fenilketonuriya (amin turşularının metabolizminin pozulması), qalaktozemiya (bədəndə artıq qalaktoza şəkərinin yığılması), kistik fibroz (metabolizm prosesinin pozulması), adrenogenetal sindromu (böyrəküstü vəzilərin irsi xəstəliyi) və hipotireoz (qalxanabənzər vəzinin funksiyasının zəifləməsi) xəstəliklərinin izləri axtarılır. Bu prosesdə iştirak edən mütəxəsislər xüsusi təlimlərdən keçən və ixtisaslaşmış peşəkarlardır.

Topuq testi yenidoğulmuşların topuq nahiyəsindən qan nümunəsi götürülməklə həyata keçirilir. Qan nümunəsi vaxtında doğulan və qidalanmağa başlayan uşaqlardan doğuşdan 2 gün sonra, vaxtından tez doğulan uşaqlardan isə 1 həftə sonra götürülür.

Qeyd edək ki, topuq testi nümunələrinin götürülməsi, eləcə də sözügedən xəstəliklərin müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində dövlət tibb müəssisələrində həyata keçirilir.