
Xankəndidə keçirilən QHT Forumu mahiyyətcə təkcə vətəndaş
cəmiyyətinin toplantısı deyildi. Bu, Azərbaycanın suverenliyinin,
ərazi bütövlüyünün və dövlət-cəmiyyət birliyinin canlı ifadəsinə
çevrilən tarixi hadisə idi.
Trend xəbər
verir ki, bunu oktyabrın 19-20-də Xankəndidə keçirilmiş “Konstitusiya və suverenlik” mövzusuna həsr olunan QHT-lərin
Əməkdaşlıq Forumunu dəyərləndirən Beynəlxalq Avrasiya Mətbuat
Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib.
O qeyd edib ki, “Suverenlik və Konstitusiya ili” çərçivəsində
baş tutan Əməkdaşlıq Forumu həm simvolik, həm siyasi, həm də mənəvi
baxımdan milli yaddaşımıza yeni bir səhifə kimi yazıldı.
“Uzun illər Qarabağ mövzusunda beynəlxalq platformalarda
Azərbaycanın haqq səsini çatdıran, informasiya müharibəsində ön
cəbhədə dayanan və humanitar sahədə mühüm işlər görən QHT-lər indi
artıq Qarabağın özündə – Xankəndidə – hesabat verirdilər. Bu
mənzərə həm tarix, həm də dövlətçilik baxımından unikal idi.
Vətəndaş cəmiyyəti ilk dəfə idi ki, münaqişə sonrası mərhələdə
bərpa və reinteqrasiya prosesinin mərkəzinə bu qədər yaxın
dayanırdı.
Forumun məkan baxımından Xankəndidə keçirilməsi özü bir önəmli
mesaj idi. Bu, Azərbaycanın dövlət suverenliyinin təkcə hərbi
deyil, ideoloji və ictimai müstəvidə də bərpa olunduğunun
göstəricisidir. Təşkilati baxımdan isə tədbir yüksək səviyyədə,
peşəkar koordinasiya ilə keçirildi – bu da ölkəmizdə QHT-lərin
idarəetmə və strateji planlaşdırma bacarığının yeni səviyyəyə
qalxdığını nümayişi idi. Forumda dövlət və qeyri-dövlət
institutlarının bir araya gəlişi isə cəmiyyətin bütövlüyünün, fikir
və məqsəd birliyinin təcəssümü idi. Xankəndi Forumunda səslənən
fikirlər, qəbul olunan sənədlər və müzakirələr göstərdi ki,
Azərbaycan vətəndaş cəmiyyəti artıq passiv müşahidəçi deyil, dövlət
siyasətinin fəal iştirakçısıdır”, – deyə Umud Mirzəyev
bildirib.
“Biz Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq 2007-ci ildən
təmsil olunduğumuz BMT-nin İqtisadi və Sosial şurasının (ECOSOC)
QHT bölməsindəki fəaliyyətimiz, Beynəlxalq Sülh Bürosunda,
Beynəlxalq Mətbuat İnstitutunda olan aktivliyimiz, Avropa İttifaqı,
ABŞ Dövlət Departamenti kimi mühüm qurumlarla olan ikitərəfli sıx
əlaqələrimiz məhz beynəlxalq birləşmə – şəbəkələşmə prinsipləri
əsasında həyata keçirilib. Biz hər zaman iştirak etdiyimiz
platformalarda Azərbaycanı layiqincə təmsil etməyə və qlobal
şəbəkələşmənin bir parçası olmağa çalışmışıq. Bu əlaqələr bizə
beynəlxalq tərəfdaşlar qazandırıb və yeni-yeni imkanlar yaradıb.
Sevindirici haldır ki, BAMF-ın uzun illərdir beynəlxalq səviyyədə
göstərdiyi fəallıq hazırda bir çox yerli QHT-lər tərəfindən də
izlənməkdədir. Onların bir çoxu artıq BMT, Avropa İttifaqı və digər
beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, beynəlxalq platformalarda
söz sahibinə çevrilirlər.
Bu Forum həm də mənəvi anlamda çox dərin bir mənaya sahib idi.
Uzun illər işğal altında qalan bir şəhərdə indi vətəndaş
cəmiyyətinin, sülhün, birliyin, dövlətin səsi səslənir. Bu, həm
milli qürurun, həm də siyasi yetkinliyin təntənəsidir. Xankəndidə
keçirilən hər görüş, səslənən hər fikir bir həqiqəti təsdiqlədi:
Azərbaycanın suverenliyi artıq təkcə siyasi xəritədə deyil, ictimai
şüurda, mədəni və hüquqi sistemdə də tam bərpa olunub. Dövlətin və
vətəndaş cəmiyyətinin ortaq iradəsi bu Forumun ruhunu təşkil
edirdi”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin nümayəndələri üçün
Xankəndi Forumu həm də məsuliyyətin yeni mərhələsi deməkdir:
“Qarabağda quruculuq, bərpa, reinteqrasiya və humanitar
proseslərdə QHT-lərin üzərinə böyük missiyalar düşür. Onlar yerli
icmalarla birbaşa işləməli, sosial adaptasiya proseslərini müşayiət
etməli, beynəlxalq aləmdə Azərbaycanın reallıqlarını daha fəal
şəkildə təqdim etməlidirlər. Bu, həm milli həmrəylik, həm də sosial
məsuliyyət baxımından yeni bir dövrün başlanğıcıdır. Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün
Əliyeva da öz çıxışında QHT-lərin son illərdəki aktivliyinə vurğu
edərək 2023-cü ildən hər il Azərbaycan QHT-lərinin illik toplantısı
keçirildiyini və bütün bunların mühüm əhəmiyyət kəsb etdiyini qeyd
etdi. İcraçı direktor QHT-ləri prosesə yaxından cəlb etməklə, 19
dövlət proqramı üzrə 67 tapşırığın icrasını Agentliyin 97%
göstərici ilə tamamladığını, bu nəticənin qurumun tarixində ilk
dəfə əldə olunduğunu bildirdi.
Bu gün Xankəndidə keçirilən hər tədbir, səslənən hər fikir
Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələ açır. QHT-lərin
Xankəndidə iştirakı, onların bu şəhərdə sülhün, ədalətin və
inkişafın tərəfdarı kimi çıxış etməsi – bu, suverenliyin cəmiyyətlə
tamamlanması deməkdir. Xankəndi Forumu yalnız bir tədbir deyildi –
bu, vətəndaş cəmiyyətinin dövlətlə bir səngərdə dayanmasının, xalq
iradəsinin və milli birliyin qələbəsinin rəmzi idi. Forumda çıxış
edən Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri
Tural Əliyev elə məhz bu məqama – QHT-lərin birliyinə xüsusi diqqət
ayırdı. O öz çıxışında 2022-ci ilin dekabr ayında Azərbaycan
QHT-lərinin Şuşada Xankəndi–Laçın yolunda 138 gün davam etdirdiyi
etiraz aksiyası zamanı hər günün mübarizə, həmrəylik və
vətənpərvərlik ruhunda keçməsini diqqətə çatdırdı: “2023-cü ilin
sentyabrında dövlət suverenliyinin tam bərpası əməliyyatı həmin
prosesin məntiqi yekunu oldu, 15 oktyabrda isə Prezident İlham
Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdı – bununla da erməni
separatizminin sonu gəldi.” – deyə Tural Əliyev öz çıxışında qeyd
edərək Azərbaycan QHT-lərinin Xankəndində toplaşmasının rəmzi məna
daşımasını da xüsusilə vurğuladı.
Xankəndidə keçirilən Forumun ruhu təkcə Qarabağla məhdudlaşmadı,
o, bütöv Türk dünyasının yaddaşına da səsləndi. Çünki bu gün
Kərkükdə türkmənlərin milli-mədəni varlığını qorumaq uğrunda
apardığı mübarizə ilə Xankəndidə vətəndaş cəmiyyətinin
səsləndirdiyi iradə arasında dərin bir paralellik var. Hər iki
məkan tarixi kimlik uğrunda mübarizənin, köklərə sədaqətin və milli
iradənin simvoludur. Forum çərçivəsində təşkil olunmuş “Türkmən
irsi – tarixi köklərə sədaqət” paneli də bu məqamı xüsusi
vurğuladı. Çıxışlarda türkmənlərin tarixi köklərinin qorunması,
Kərkükdə milli kimliyin saxlanması və Azərbaycan–Türkmən
əlaqələrinin daha da gücləndirilməsi ilə bağlı təkliflər də irəli
sürüldü.
Əminəm ki, QHT-lərin Xankəndi forumu timsalında son illər
Azərbaycanın moderatorluğu ilə başladılan bütün təşəbbüslərin,
göstərilən bütün səylərin məntiqi nəticəsi olaraq biz birlikdə daha
da güclənəcək və dünyanın dörd bir yanına səsimizi
çatdıracağıq”.


