
Bakı. Trend:
Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə,
dövlətlərin suverenliyinə və ədalət meyarlarına sadiqliyi ilə
fərqlənib. Prezident İlham Əliyevin Misirdə keçirilən Yaxın Şərq
Sülh Sammitində iştirakı bu siyasətin davamı olmaqla yanaşı,
Azərbaycanın beynəlxalq arenadakı artan nüfuzunun, etibarlı
tərəfdaş və sülh tərəfdarı kimi qəbul olunmasının daha bir
təsdiqidir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova bildirib.
Deputatın sözlərinə görə, Misirdə keçirilən sammit təkcə
regional deyil, həm də qlobal miqyasda sülh və təhlükəsizliyin
təşviqi baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir:
“Sammitlər, tərəflər arasında dialoqun qurulması, fikir
mübadiləsinin aparılması və mövcud gərginliklərin azaldılması üçün
mühüm platforma yaradır. Misir sammiti də məhz bu mənada beynəlxalq
ictimaiyyətin diqqət mərkəzində idi. Sammitdə iştirak edən
ölkələrin sayı çox olmasa da, dünyanın mühüm geosiyasi
oyunçularının orada təmsil olunması böyük siyasi hadisədir. Bu,
ölkəmizin beynəlxalq aləmdə qazandığı etimadın, balanslı və
müstəqil xarici siyasət kursunun nəticəsidir”.
A.Həsənova əlavə edib ki, Azərbaycan bütün beynəlxalq
münaqişələrdə ədalət prinsipini əsas tutaraq, ikili standartlara
qarşı çıxır:
“Azərbaycanın Qəzza məsələsinə münasibəti də bu prinsipial
mövqenin davamıdır. Bakı həm İslam Əməkdaşlıq Təşkilatının qəbul
etdiyi sənədləri dəstəkləyib, həm də BMT Baş Assambleyasında
Fələstin dövlətinin tanınması ilə bağlı qətnamənin lehinə səs
verib. Bu, beynəlxalq hüquqa, xalqların öz müqəddəratını təyin etmə
prinsipinə sadiqliyin ifadəsidir. Xüsusilə “Nyu-York Bəyannaməsi”
zamanı Azərbaycanın Fələstin xalqının yanında çıxış etməsi
ölkəmizin qlobal ədalət və sülh gündəminin fəal iştirakçısı
olduğunu bir daha göstərdi”.
Deputat qeyd edib ki, Azərbaycanın bu məsələdə tutduğu mövqe həm
ABŞ, həm Türkiyə, həm də Misir kimi mühüm tərəfdaş dövlətlər
tərəfindən yüksək qiymətləndirilib. Onun sözlərinə görə, Prezident
İlham Əliyevin sammitdə iştirakı regionda sülh və əməkdaşlıq
istiqamətində Azərbaycanın töhfə verməyə hazır olduğunu bir daha
nümayiş etdirir:
“Azərbaycan artıq regional güc mərkəzi olmaqla yanaşı,
beynəlxalq sülh təşəbbüslərində də etibarlı tərəfdaş kimi çıxış
edir. Bu, dövlətimizin prinsipial və uzaqgörən siyasətinin
nəticəsidir”.


