
Bakı. Trend:
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən
“İnsanlığa qarşı cinayətlər” mövzusuna həsr olunmuş komitə
iclasında Azərbaycan tərəfindən bəyanat səsləndirilib.
Trend-in
məlumatına görə, bəyanatı Azərbaycanın BMT yanında Daimi
Nümayəndəliyinin birinci katibi Tale Əliyev təqdim edib.
Birinci katib çıxışında insanlığa qarşı cinayətlərin beynəlxalq
hüququn ən ağır pozuntularından biri kimi tanındığını vurğulayaraq,
bu cinayətlərin qarşısının alınması və cəzalandırılmasının bütün
beynəlxalq ictimaiyyətin ortaq məsuliyyəti olduğunu bildirib.
“Azərbaycan Respublikası insanlığa qarşı cinayətlərin qarşısının
alınması və cəzalandırılması üzrə konvensiyanın hazırlanması
istiqamətində Beynəlxalq Hüquq Komissiyasının fəaliyyətini yüksək
qiymətləndirir. Ölkəmiz bu sahədə vahid və hərtərəfli hüquqi
çərçivənin formalaşdırılmasını dəstəkləyir”, – deyə birinci katib
qeyd edib.
Tale Əliyev sonda əlavə edib ki, Azərbaycan bu prosesə sadiq
qalır və insan hüquqları ilə beynəlxalq humanitar hüququn
müdafiəsinə öz töhfəsini verməkdə davam edəcək.

