
Bakı.Trend:
Maliyyə dünyasında fərqli yatırım vasitələri arasında qızıl və
torpaq sahələri uzun müddətli və nisbətən etibarlı yatırım
seçimləri olaraq tanınır. Hər iki yatırım növü özünəməxsus
üstünlüklərə və risklərə malikdir. Gələcəyə yatırım etmək üçün bəzi
şəxslər qızıla, bəziləri isə torpaq – ev almağa üstünlük verirlər.
Qızıl tarix boyunca sərvət qoruma vasitəsi kimi istifadə olunub.
Torpaq sahələri isə uzun müddətli və stabil yatırım hesab
olunur.
Bəs hansına yatırım edək?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında İqtisadçı ekspert Xalid Kərimli
deyib ki, qızılın qiymətləri qlobal bazarlarda formalaşır, torpağın
qiyməti isə əsasən ölkədaxili iqtisadi və sosial amillərlə
bağlıdır:
“Qızılın qiymətinin artmasının əsas səbəblərindən biri dünyada
qeyri-müəyyənliyin artmasıdır. Hazırda dünya əvvəlki idarəetmə
modellərindən uzaqlaşır, müəyyən bir böhran vəziyyəti yaşanır.
Ölkələr bir-birini qəbul etmir, yeni qaydalar tələb olunur,
müharibələr baş verir, sanksiyalar tətbiq olunur, ticarət normaları
dəyişir, iqtisadi gərginliklər artır və sair. Bütün bu amillər
qızılın qiymətinə artırıcı təsir göstərir”.
Digər tərəfdən, mərkəzi bankların tətbiq etdiyi ucuz pul
siyasətləri də buraya təsir edir”.
X.Kərimli vurğulayıb ki, dolların faiz dərəcəsinin aşağı
salınması və inflyasiyanın azalması bəzi hallarda qızılın qiymətini
bahalaşdırır:
Məsələn, ABŞ-da “shutdown” (hökumətin fəaliyyətinin
dayandırılması) baş verərsə, bu da qızılın qiymətini artıran
faktorlardan biri olur.
Ekspert qeyd edib ki, torpağın qiyməti isə birbaşa ölkə ilə,
yəni yerli iqtisadi inkişafla əlaqəlidir. Gələcəkdə ölkədə iqtisadi
inkişafın necə olacağı bu qiymətlərə təsir edir:
“Torpaq resursları məhduddur. Ancaq məsələn, Manhettendə bir sot
torpaqla Somalidə bir sot torpağın qiyməti eyni deyil. Bu da
göstərir ki, qiymət təkcə məhdudiyyətlə yox, yerləşmə yeri ilə də
ciddi şəkildə bağlıdır.
Torpağın hansı ölkədə, hansı ərazidə yerləşməsi, həmin ölkənin
iqtisadi potensialı, tikinti imkanları, əhalinin sıxlığı, alıcılıq
qabiliyyəti, siyasi sabitlik və sair kimi çoxsaylı faktorlar
torpağın dəyərinə təsir edir.
Ekspertin fikrincə, torpağın nisyə alınması, satılması və gəlir
gözləntiləri ilə bağlı da yüzlərlə, hətta minlərlə faktor
mövcuddur. Uzunmüddətli perspektivdə torpaq daha sərfəlidir. Amma
bu il alıb gələn il satmaq – burada risklər var. Qazana da
bilərsiniz, gözlədiyiniz gəliri əldə etməyə də bilərsiniz.
Həm qızıla, həm də torpağa tarixən qiymətlərini itirməyən
xüsusiyyətlərinə görə, eyni cür münasibətlə yanaşılıb. Torpağın
qiyməti azalmır, qızılın da qiyməti yalnız artan templə davam
edir.
Bu fikirləri Trend-ə açıqlamasında “Azərbaycan Qiymətləndiricilər
Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.
“Makro-iqtisadi göstəricilərə görə bəzi dövrlərdə, məsələn
pandemiya zamanında qızılın qiymətində müəyyən qədər enmələr
müşahidə olunub. Amma daşınmaz əmlakın bir xüsusiyyəti var ki,
insan yaşadıqca, çoxaldıqca bazarda bununla bağlı milyonlarla yeni
tələb meydana gəlir. Daşınmaz əmlak təkcə passiv gəlir mənbəyi
olmaqla məhdudlaşmır, eyni zamanda torpağın üzərində tikinti işləri
aparılarsa, həmin obyektlər icarəyə verilib, gəlir də əldə edilə
bilər”.
V.Oruc qeyd edib ki, 2025-ci ilədək qızılın qiymətində artım 50%
civarında olub. Buna baxmayaraq, daşınmaz əmlaka investisiya
yatırmaq istiqamətindəki fəaliyyət çox aktuallaşıb:
Bu, gələcək narahatlıqları ifadə edən bir amildir. Bu gün qızıl
və torpaq alıb bahalaşmasının gözləmək xaraktercə eyni addımdır.
Bunlar passiv gəlir əldə etmək metodudur. Qeyd edim ki, daşınmaz
əmlak, məsələn torpaq əldə edib onun üzərində tikililər inşa edərək
icarəyə vermək daha məqsədəuyğundur. Həmçinin vərəsəlik hüququyla
bir nəsildən digərinə ötürülür. İnsanların təbii artımı belə
toprağın bahalaşmasına səbəb olan detaldır.
Ekspert tropağın yerləşdiyi əraziyə uyğun olaraq qiymətinin
50%-dək arta biləcəyini də xüsusi vurğulayıb.
“Torpağın qiyməti “Bakı şəhərinin Baş Planı 2040” sənədinə uyğun
olaraq baş verə biləcək dəyişikliklərin istər nəqliyyat əlçatanlığı
baxımından, istər infrastrukturdakı yeniliklər baxımından əraziyə
təsirini hesablamaqla 10-25%, hətta 50%-dək arta bilir. Forsmajor
halları çıxmaq şərtilə dünyada baş verən artım tendensiyasını həm
qızılda, həm də daşınmaz əmlakda görəcəyik. Bakıda torpaq bazarı
son bir ildə davamlı qiymət yüksəlişi göstərib, xüsusilə mərkəzi və
prestijli rayonlarda daha intensiv artım baş verib”,-ekspert əlavə
edib.


