
Bakı. Trend:
Xəzinə qalığının idarə edilməsi üzrə görülmüş işlər nəticəsində,
2025-ci il 1 oktyabr tarixinə milli valyutada olan xəzinə
vəsaitləri üzrə 65,8 milyon manat, xarici valyutada olan vəsaitlər
üzrə isə 9,3 milyon manat ekvivalentində olmaqla, ümumilikdə 75,1
milyon manat məbləğində faiz gəliri əldə edilib.
Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü il ərzində xəzinə
vəsaitlərinin idarə olunmasından büdcəyə daxil olan 17,5 milyon
manatla müqayisədə təxminən 4,3 dəfə çoxdur.
Qeyd edək ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə
olunması və büdcəyə əlavə gəlir gətirilməsi məqsədilə 2025-ci ildən
etibarən Maliyyə Nazirliyi tərəfindən xəzinə hesabının milli
valyutada olan vəsaitlərinin aktiv idarə edilməsinə başlanılıb. Bu
çərçivədə xəzinə qalığının müəyyən hissəsinin kapitallaşma və
aktivlərinin həcminə görə ən iri beş yerli bankda depozitə
yerləşdirilməsi üzrə depozit hərracları keçirilir.


