
Bakı. Trend:
Bu tədbir artıq ikinci dəfədir, ölkəmizdə keçirilir. Prezident
İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq kritik
infrastrukturlarda informasiya təhlükəsizliyinin gücləndirilməsi
istiqamətində bir sıra addımlar atılıb. Bu addımlarla yanaşı, belə
tədbirlərin təşkili də başlıca prioritetlərdəndir.
Trend xəbər
verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidmətinin Baş İdarə rəisinin müavini Tural Məmmədov Bakı Konqres
Mərkəzində “CIDC 2025 – Critical Infrastructure Defence Challenge”
kibertəhlükəsizlik festivalı çərçivəsində jurnalistlərə
açıqlamasında deyib.
Xidmət rəsmisi bildirib ki, ölkə başçısı İlham Əliyev bu sahədə
– yəni kritik infrastrukturların qorunması və onların informasiya
təhlükəsizliyinin təmin olunması istiqamətində verdiyi tapşırıqlara
uyğun olaraq qanunvericilikdə də bir sıra dəyişikliklər və yeni
aktlar qəbul olunub:
“Bu da bizə imkan verir ki, həm ümumi kritik infrastruktur
obyektlərində, həm də “Ağıllı şəhər” və “Ağıllı kənd”
konsepsiyaları çərçivəsində informasiya təhlükəsizliyini daha da
gücləndirək”.
T.Məmmədov vurğulayıb ki, tədbirin əsas mövzusu da məhz ağıllı
şəhərlərdə kibermüharibə simulyasiyasıdır:
“Arxada gördüyünüz səhnədə artıq 25 komanda seçilib və onlar
final mərhələsində yarışacaqlar.
Tədbir 4 hissədən ibarətdir. Birinci hissə təlimlərdir. Burada
360-dan çox mütəxəssis xüsusi istiqamətlənmiş kibertəhlükəsizlik
təlimləri keçəcək. Bu təlimlər çox spesifik sahələri əhatə edir və
digər adi kurs və təlimlərdə keçirilmir.
İkinci hissə sərgidir – informasiya təhlükəsizliyi sərgisi.
Burada kibertəhlükəsizlik sahəsində yeni texnologiyalar, innovativ
həllər nümayiş etdirilir.
Üçüncü hissə konfransdır. Konfransda ağıllı şəhərlər və kritik
infrastrukturlar üzrə maraqlı mövzular müzakirə olunacaq. 10
təqdimat və 5 panel müzakirəsi nəzərdə tutulub.
Dördüncü hissə isə kibermüharibə yarışıdır. Bu il mövzu “Ağıllı
şəhərlərdə kibermüharibə simulyasiyası”dır. Bu təsadüfi seçilməyib
– Prezident İlham Əliyevin kritik infrastrukturların təhlükəsizliyi
ilə bağlı verdiyi tapşırıqlardan və imzalanmış normativ hüquqi
aktlardan irəli gəlir. Dövlət orqanlarının və qurumlarının
informasiya təhlükəsizliyi üzrə fəaliyyətləri bu istiqamətdə birgə
koordinasiya olunur”.
O qeyd edib ki, bu kibermüharibə simulyasiyasının əsas məqsədi
maarifləndirmə və təcrübə mübadiləsidir. “Ağıllı şəhər” və “Ağıllı
kənd” konsepsiyası çərçivəsində istifadə olunan texnologiyaların və
onlara qarşı təhdidlərin simulyasiyası həyata keçirilir.
“Simulyasiyada 20 yerli və 5 xarici komanda iştirak edir. Onlar
Bakı şəhərinin simulyasiya olunmuş modelində kibertəhlükələrə qarşı
mübarizə aparacaq, hücumları təhlil edib aradan qaldırmaq üçün
biliklərini göstərəcəklər. Simulyasiya çox maraqlı mövzuları əhatə
edir və növbəti hissələrdə bu barədə daha ətraflı məlumat
veriləcək”.


