
Bakı. Trend:
Ağcabədi şəhərində yerləşən Qarabağ Atçılıq Kompleksindən beş
Qarabağ atı Türkiyənin Sivas şəhərinə göndərilməsi üçün
seçilib.
Trend xəbər
verir ki, bu barədə III MDB Oyunları ilə əlaqədar Azərbaycanda
səfərdə olan Türkiyə Çövkən Federasiyasının prezidenti Fatih Keşe
jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Sivasda ölkənin ilk ixtisaslaşmış çövkən
kompleksi inşa olunub və Türkiyə bu qədim oyunun dirçəldilməsinə
böyük önəm verir. Qeyd olunub ki, Azərbaycanın dəstəyi ilə bu idman
növünün birgə inkişafı istiqamətində fəal iş aparılır.
Xatırladaq ki, MDB Oyunlarında çövkən yarışları Şəki şəhər
stadionunda keçirilir. Türkiyə yığması qrup mərhələsini üçüncü
pillədə başa vuraraq turnirdə çıxışını yekunlaşdırıb. Azərbaycan
milli komandası isə iki inamlı qələbə qazanaraq yarımfinala
yüksəlib və medal uğrunda mübarizəsini davam etdirir.


