
Bakı. Trend:
Azərbaycan tarixində elə günlər var ki, onlar xalqımızın
yaddaşına əbədi həkk olunur. Bu günlərdən biri də 1993-cü il
oktyabrın 3-dür. Həmin gün xalqımız öz taleyini, müstəqilliyini və
dövlətçiliyini qurtuluş yoluna çıxarmaq üçün tarixi bir qərar
verdi.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Səbinə
Salmanova deyib.
Deputat bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa
etdiyi ilk illərdə ağır sınaqlarla üz-üzə qalmışdı:
“1990-cı illərin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavat
cütlüyünün səriştəsizliyi, dövlət idarəçiliyindəki xaos, milli
birliyin olmaması ölkəmizi parçalanmaq və məhv olmaq təhlükəsi ilə
üz-üzə qoymuşdu. Ermənistanın hərbi təcavüzü isə bu təhlükəni daha
da dərinləşdirirdi. Bir tərəfdən siyasi böhran, digər tərəfdən
işğalçılıq siyasəti nəticəsində torpaqlarımız ard-arda itirilir,
xalqımıza qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata
keçirilirdi. Məhz belə bir məqamda xalqın xilası üçün güclü, müdrik
və qətiyyətli liderə ehtiyac vardı. Bu lider Heydər Əliyev
idi”.
Onun sözlərinə görə, həmin dövrdə xalqın təkidi ilə hakimiyyətə
qayıdan Ulu Öndər Heydər Əliyevin qətiyyəti, zəngin dövlətçilik
təcrübəsi və uzaqgörənliyi Azərbaycanı parçalanmaq təhlükəsindən
xilas etdi:
“Lakin xalqın inamı daha böyük idi. 1993-cü il oktyabrın 3-də
keçirilən ümumxalq seçkilərində Heydər Əliyev böyük səs çoxluğu ilə
Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu gün tariximizin
qürur səhifəsi kimi xatırlanan həmin gün, əslində,
müstəqilliyimizin xilası, dövlətçiliyimizin möhkəmlənməsi və
xalqımızın gələcəyə inamının bərpası demək idi.
Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycanda sabitlik
bərqərar olmağa başladı. Ölkə daxilində vətəndaş müharibəsi
təhlükəsi aradan qaldırıldı, dövlətçiliyin əsasları
möhkəmləndirildi. İqtisadiyyatı bərpa etmək üçün mühüm addımlar
atıldı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artdı. Ulu Öndərin
uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə imzalanan “Əsrin
müqaviləsi” ölkənin iqtisadi inkişafının əsasını qoydu,
Azərbaycanın gələcəkdə enerji xəritəsində mühüm yer tutmasını təmin
etdi”.
Parlamentari söyləyib ki, Ümummilli Lider Heydər Əliyevin
Prezidentliyi həm də milli ideologiyanın bərpası, xalqın öz gücünə
inanması demək idi:
“O, müstəqil Azərbaycanın dövlət atributlarını möhkəmləndirdi,
ordu quruculuğunu prioritetə çevirdi, milli həmrəylik və birlik
ideyalarını gerçəkləşdirdi. Hər addımı ilə xalqın Prezidentinə
çevrildi, dövlətçiliyin dayaqlarını möhkəmləndirdi”.
S.Salmanova qeyd edib ki, bugünkü güclü, qüdrətli Azərbaycan Ulu
Öndər Heydər Əliyev siyasətinin nəticəsidir:
“Dövlət başçısı İlham Əliyev yeni dövrün çağırışlarına uyğun
şəkildə zənginləşdirərək, ölkəmizi regional güc mərkəzinə, söz
sahibinə çevirib. Məhz bu siyasətin davamı olaraq Azərbaycan
beynəlxalq müstəvidə nüfuzlu mövqe qazanıb, ordumuz güclənmiş,
2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər əldə edilib.
Tarixi həqiqət odur ki, 3 oktyabr 1993-cü ildə başlanmış böyük
yol bu gün Prezident İlham Əliyevin müdrik və qətiyyətli liderliyi
ilə öz məntiqi zirvəsinə çatıb. Azərbaycan artıq regionda sülhün,
sabitliyin və inkişafın təminatçısına çevrilib. 1993-cü il
oktyabrın 3-də xalqımız yalnız Prezidentini seçmədi, həm də gələcək
nəsillərin işıqlı sabahını müəyyənləşdirdi”.


