
Bakı. Trend:
Azərbaycan “Masdar” üçün qlobal səviyyədə prioritet
istiqamətlərdən biridir.
Trend xəbər
verir ki, bunu “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin
rəhbəri Murad Sadıqov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025)
çıxışı zamanı bildirib.
O vurğulayıb ki, “Masdar” Azərbaycanda həm bərpa olunan enerji
mühitini yaxşılaşdırdı, həm də hökumətə müəyyən tövsiyələr verərək
yerli qanunvericiliyin investorlar üçün daha cəlbedici olmasına
kömək etdi: “Bizim layihəmiz yerli qanunvericilik çərçivəsində
maliyyələşdirilən ilk layihə oldu. Neft-qaz sektoruna baxdıqda isə,
böyük əksər müqavilələr istehsal paylaşımı sazişləri əsasında
həyata keçirilir ki, bu da ayrı bir hüquqi çərçivədir. Azərbaycan
hökumətinin bizə verdiyi tapşırıq yalnız investisiya qoymaq deyil,
həm də sistemi hər kəs üçün uyğunlaşdırmaq idi və biz bunu uğurla
həyata keçirdik”.
“İndi deyə bilərik ki, biz yaxşı bir nümunə yaratdıq və bu gün
bərpa olunan enerji sahəsindəki əksər investisiyalar, Energetika
Nazirliyi və yerli ekspertlərlə birgə hazırladığımız şablonlardan
istifadə edir. Bununla yanaşı, SOCAR və “SOCAR Green” kimi yerli
tərəfdaşlarımıza da təşəkkür etmək istəyirəm. “SOCAR Green” əslində
yeni nəsil şirkət olub, enerji sahəsində ümumi yanaşmanı və diqqəti
dəyişəcək.
Hökumət eyni zamanda xalqın enerji ilə bağlı davranışını
dəyişmək üçün də bir çox işlər görür. Nəqliyyat sektoruna gətirilən
innovasiyalar, məsələn, elektrik nəqliyyat vasitələrinə xüsusi
üstünlüklər və bərpa olunan enerjinin təşviqi bu baxımdan çox
önəmlidir. Bu, açıq fikirli yanaşma olmadan mümkün olmayan birgə
səydir. Bu səbəbdən Azərbaycan “Masdar” üçün qlobal səviyyədə
prioritet istiqamətlərdən biridir”, – M. Sadıqov qeyd edib.

