
Bakı. Trend:
Səfərin əsas məqsədi Qarabağ Universitetinə dəstək vermək və
onun inkişafını sürətləndirməkdir. Buna görə də əlimizdən gələni
edəcəyik.
Bunu Trend-ə
açıqlamasında Ardahan Universitetinin rektoru Ramazan Korkmaz
bildirib.
O vurğulayıb ki, səfər çərçivəsində çox səmərəli görüşlər
keçirilib:
“Diasporla İş üzrə Dövlət Komitəsi, İğdır Universiteti, İğdır
Azərbaycan Evi və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun
təşkilatçılığı ilə Şərqi Anadolu bölgəsindən səkkiz universitetin
rektoru olaraq Bakıya gəlmişik. Burada Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri Fuad Muradovla çox məhsuldar görüş keçirdik. Daha
sonra Türkiyənin Bakıdakı səfirliyini ziyarət etdik. Ardınca isə
Elm və Təhsil Nazirliyinin müavini ilə görüşdük. Bütün görüşlərdə
Türkiyədəki ali təhsil müəssisələrinin Azərbaycan ali təhsil
qurumları ilə əməkdaşlığı müzakirə olundu. Tələbə və müəllim
mübadiləsi, təhsil səviyyəsinin artırılması, təqaüdlər məsələləri
gündəmə gəldi. Çox səmərəli görüşlər keçirdik”.
“Mən ilk dəfədir Azərbaycandayam, Bakıya gəlmişəm. Çox bəyəndim,
şəhər çox gözəldir, təmizdir və memarlığı möhtəşəmdir. Burada
olmaqdan böyük məmnunluq duyuram. Qardaş Azərbaycan Respublikasının
inkişafını görmək məni çox sevindirdi. Ardahan Universitetinin
rektoru olaraq universitetimizdə azərbaycanlı qardaşlarımızı qəbul
etməkdən, tələbələrin burada təhsil almasından, müəllimlərin
fəaliyyət göstərməsindən məmnun olacağıq. Səfərin əsas məqsədi
Qarabağ Universitetinə dəstək göstərmək və onun inkişafını
sürətləndirməkdir. Ona görə də əlimizdən gələni edəcəyik”, – deyə
rektor bildirib.


