
Bakı. Trend:
İsveçin paytaxtı Stokholmda yerləşən Hallvyul Muzeyində
(Hallwylska Museet) dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
140 illik yubileyinə həsr olunan “Şimal və Şərqin harmoniyası” adlı
konsert keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi, SAF Cəmiyyətinin təşkilatçılığı və İsveçdə
yaşayan azərbaycanlı pianoçu Aynur Məlikovanın təşəbbüsü ilə baş
tutub.
Konsertdə İsveçdə akkreditə olunmuş diplomatik korpusun üzvləri,
Azərbaycan icmasının nümayəndələri və yerli musiqisevərlər iştirak
ediblər.
İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm üzrə
nümayəndəsi Ayda Əmir Haşimi açılış nitqi ilə çıxış edərək, Üzeyir
Hacıbəylinin musiqi irsi və onun Azərbaycan mədəniyyətinə
töhfəsindən danışıb. “Üzeyir Hacıbəyli Avropa klassik musiqisi ilə
Azərbaycan xalq musiqisini birləşdirən ilk bəstəkardır və onun
musiqisinin Stokholmda səslənməsi simvolik məna daşıyır”, -deyə
Ayda Əmir Haşimi qeyd edib.
Konsertdə Aynur Məlikova, İtaliyadan gəlmiş pianoçu Serjio
Lapedota, soprano Burcu Kuru, bas Lennart Forsen, fleytaçı Katrin
Sponqberq, skripkaçı İrena Lemos və nağara ifaçısı Filip Hakimov
çıxış ediblər.
Üzeyir Hacıbəylinin “Arazbarı” və “Sevgili canan” əsərləri,
Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Muğam”, “Məhəbbət rəqsi”,
“Min bir gecə” baletindən fraqment, Arif Məlikovun “İki ürək
dastanı” baletindən “Komdenin arzuları” parçasının ifası böyük şövq
yaradıb. Konsert zamanı Azərbaycan bəstəkarlarının əsərləri ilə
yanaşı, Skandinaviya bəstəkarları Emil Höqren, Ture Ranqström,
Qunnar de Frümeri və Edvard Qriqin əsərləri də ifa olunub.
Konsertdə bəzi əsərlərin İsveçin ən qədim royallarından birində
ifası əlamətdar məqam kimi yadda qalıb.


