Beş nəfərin ölümünə səbəb olan dəhşətli yanğından sonra ailələr təhlükəli vəziyyətdədirlər – FOTO

Cəmiyyət


Oktyabrın 12-də saat 1 radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsində taxta konstruksiyalı barak tipli yaşayış yerlərində yanğın baş verən ərazidə yaşayanlar narazıdırlar.

resmixeber.az-ın məlumatına görə, ərazidəki digər tikililər yanğından mühafizə olunsa da, oradakı sakinlərin həyatlarına təhlükə var:

“Baş verən hadisədən sonra buradakı evlərə elektrik enerjisinin verilməsi dayandırılıb. 10 gündən çoxdur hadisə olub, amma ərazidən köçürülmə üçün bizə məlumat verilmir”.

Qeyd edək ki, ərazidə məskunlaşan məcburi köçkün ailələri də var. 

Məsələ barədə dəfələrlə Hacıqabul Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, telefona cavab verilmədi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə ərazidə yaşayan məcburi köçkünlər barədə resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 12-də Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli taxta konstruksiyalı binada baş vermiş yanğın zamanı komitənin nümayəndələri hadisə yerinə yollanıblar:

“İlkin siyahıyaalınma zamanı məlum olub ki, yanğının baş verdiyi binada üç məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Zəngilan rayonundan məcburi köçkünlər Əlövsət Cəlil oğlu Hüseynov və Şölə Əbil qızı Həsənovaya, Cəbrayıl rayonundan məcburi köçkün Zaur Səxavət oğlu Əliyevə ailə tərkiblərinə uyğun olaraq Hacıqabul və Şirvan şəhərlərində inşa olunmuş qəsəbələrdə yeni mənzillərə köçmək təklif edilib. Lakin ailələr məşğulluq və ailə vəziyyətlərini əsas gətirərək onlara təklif edilən mənzillərə köçməkdən imtina ediblər”.

Xatırladaq ki, Oktyabrın 12-də saat 1 radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsində taxta konstruksiyalı barak tipli yaşayış yerlərində yanğın baş verməsi ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, hadisə nəticəsində beş nəfər şəxs – 1944-cü il təvəllüdlü Mütəllim Məmmədov, 1952-ci il təvəllüdlü Sara Abışova, 1981-ci il təvəllüdlü Aybəniz Abışova, 2010-cu il təvəllüdlü Zəhra Sadıqova və 2012-ci il təvəllüdlü Elgün Sadıqov ölüblər, bir nəfər şəxs – 1963-cü il təvəllüdlü Şölə Həsənova xəsarət alıb.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir