Laçınlıların daha bir qrupu doğma yurda köçürülür: “İlk ziyarət edəcəyim yer bacımın məzarı olacaq” – FOTO

Cəmiyyət


Bir neçə gündən sonra Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin növbəti qrupu öz dədə-baba yurduna köçürüləcək.

Həmin şəxslərdən biri də 31 ildir məcburi köçkün həyatı yaşayanTutu Məmmədovadır.

O, “resmixeber.az”un əməkdaşı ilə söhbətində bildirib ki, hazırda Suraxanı rayonu 104 nömrəli orta məktəbdə riyaziyyat müəllimi işləyir:

“Qaraçuxur qəsəbəsində övladlarımla və nəvələrimlə birgə yaşayıram. Laçına tək gedirəm. Hazırlanan ev yalnız mənim üçün nəzərdə tutulub. Doğma torpağıma getməkdən çox qürurlanıram. Bu günləri bizə yaşadan Ali Baş Komandana minnətdarlığımı bildirirəm, şəhid və qazilərimizin qarşısında baş əyirəm. Düz 31 il bu günün həsrətində olmuşam. Doğma torpağıma qayıtdığıma görə həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ona görə ki, artıq öz evimə gedirəm. Kədərlənirəm ona görə ki, mənimlə qaçqın gələn atam, anam, həyat yoldaşım, qardaşım həyatda yoxdurlar və onlar heç vaxt mənimlə geri qayıtmayacaqlar”.

T.Məmmədova bildirib ki, Laçına gedəcəyi təqdirdə ilk ziyarət edəcəyi yer bacısının məzarı olacaq:

“İlk ziyarət edəcəyim yer bacımın məzarı olacaq. Həyat yoldaşım 2 il bundan qabaq koronavirus xəstəliyindən dünyasını dəyişib. Onun həmişə arzusu idi ki, doğma evimizə qayıdıb həyətdən bir stəkan su içsin. Laçınla bağlı xatirələrimiz çoxdur. Rəhmətlik həyat yoldaşımla rayondakı evimizi çox böyük əziyyətlə tikmişdik. Bakıdakı müvəqqəti məskunlaşdığım evdə övladlarım və nəvələrim yaşayırlar. Onlar da mənim yanıma köçürülsələr və ya onlar da yerbəyer edilsələr, bu evin şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə verilməsini istərdim”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir