ABŞ-la razılaşma planının üç bəndi artıq pozulub – Qalibaf

Baş səhifə

Bakı. Trend:

ABŞ-la gələcək sülh sazişi çərçivəsində əsas götürülən İran
planının 10 bəndindən 3-ü artıq pozulub.

Trend xəbər verir ki, bu
barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf “X” sosial
şəbəkəsində paylaşım edib.

O, əsas pozuntular arasında ABŞ və İsrailin Livanda atəşkəsə
riayət etməməsini qeyd edib.

“Pakistanın Baş naziri Şahbaz Şərif də bu öhdəliyi birbaşa
vurğulayıb və bildirib ki, Livan və digər regionlarda təcili
atəşkəs dərhal tətbiq olunmalıdır”, – paylaşımda qeyd olunub.

İkinci pozuntu Fars əyalətinin Lar şəhərində məhv edilmiş
pilotsuz uçuş aparatının İranın hava məkanına daxil olmasıdır.




Qalibaf həmçinin bildirib ki, ABŞ Ağ Evinin bəyanatlarına
baxmayaraq, Tehran tərəfindən təklif edilən plana daxil olan uranın
zənginləşdirilməsi hüququndan imtina etməyib.

“Beləliklə, danışıqlar üçün əsas artıq onların başlamasından
əvvəl açıq şəkildə pozulub. Bu vəziyyətdə ikitərəfli atəşkəs və ya
danışıqlar məqsədəuyğun deyil”, – Qalibaf yekunlaşdırıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan
biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq
öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq
danışıqlara hazırlaşırlar.