
Bakı. Trend:
İspaniyada kirayəçi birlikləri ölkənin iri daşınmaz əmlak
şirkətlərindən biri olan “Alquiler Seguro”nun qanunsuz üsullarla
qazanc əldə etdiyini iddia edərək, ölkə üzrə bütün kirayəçiləri
“kirayə ödəməmə aksiyası”na qoşulmağa çağırıblar.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, kirayəçi birliklərinin daxil olduğu
konfederasiyanın açıqlamasına görə, şirkətin qanunazid tətbiqlərinə
qarşı ilk milli kirayə tətilini təşkil etmək üçün kampaniya
başladılıb.
Xüsusilə Madrid və Barselona kimi iri şəhərlərdə kirayəçilərin
illərdir haqsız ödənişlərə məcbur edildiyi vurğulanıb. Bildirilir
ki, kirayə müqavilələri zamanı iki-üç aylıq kirayə məbləğinə çatan
vasitəçi haqları, eyni qrupa aid şirkətlər vasitəsilə məcburi
sığorta və əlavə ödənişlər, mənzil baxımındakı çatışmazlıqlar və
hətta mənzilə baxış üçün 200 avroya qədər tələb olunan ödənişlər
kimi hallar geniş yayılıb.
Açıqlamada qeyd olunub ki, bu aksiya ölkə üçün bir ilk olacaq və
kirayəçilər təşkilatlanaraq buna qoşulacaqlar.
Digər tərəfdən, İspaniyanın İstehlak Nazirliyi adıçəkilən
şirkəti 3,6 milyon avro məbləğində cərimələyib. Qərara əsasən,
şirkət həm cərimə ödəyəcək, həm də kirayə prosesində sui-istifadə
kimi qiymətləndirilən maddələri aradan qaldıracaq.
Qeyd edək ki, İspaniya Avropa İttifaqında (Aİ) mənzil
qiymətlərinin ən çox artdığı ölkələrdən biridir. 2025-ci ilin
dördüncü rübündə ölkədə mənzil qiymətləri illik müqayisədə 12,9%
artıb, bu da Aİ üzrə orta göstəricidən (5,5%) xeyli yüksəkdir.


