
Bakı. Trend:
İngiltərənin “Arsenal” klubu Çempionlar Liqasının 1/4 final
mərhələsinin ilk matçında səfərdə Portuqaliyanın “Sportinq”
komandasına qalib gəlib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Lissabonda keçirilən görüşdə yeganə
qolu sonradan meydana daxil olan Kay Havertz vurub. Almaniyalı
futbolçunun bu qolu sayəsində London təmsilçisi maraqlı bir
reytinqdə liderliyini daha da möhkəmləndirib.
Belə ki, “Arsenal” cari mövsümdə əvəzetmədən oyuna qoşulan
futbolçuların iştirakı ilə vurulan qolların sayını 40-a çatdırıb.
Bu, Avropanın “Böyük beşlik” liqaları arasında ən yüksək
göstəricidir.
Sözügedən reytinqdə ikinci yeri Fransa “PSJ”si (35 qol) tutur.
Üçüncü pilləni isə aktivlərində ehtiyatdan gələn oyunçuların
iştirakı ilə vurulan 34 qol olan “Atalanta”, “Barselona”, “Bavariya” və “Selta” bölüşürlər.


